Gülnarə Abdullayeva
Abdullayeva Gülnarə Baba qızı 1973-cü il dekabr ayının 29-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsini bitirib. Hələ tələbə ikən Azərbaycan Dövlət Estrada Teatrında R.İçərişəhərlinin “Evlənmək istəyirəm” tamaşasında Mehri, E.Filiponun “Silindr” əsərində isə baş qəhrəman obrazını canlandırıb. 2000-ci ildən 2008-ci ilə kimi Şuşa Dövlət Musiqili Dram teatrında aktrisa-vokalist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Ə.Haqverdiyevin “Pəri cadu”, N.B.Vəzirovun “Dağılan tifaq”, S.Rüstəmin “Durna”, H.Mirələmovun “Heykəllərin fəryadı” və digər tamaşalarda rol alıb.
2013-cü il aprel ayından etibarən Azərbaycan Dövlət Musiqili Teatrında vokal artisti-solist vəzifəsində calışır. Bu müddət ərzində Gülnarə Abdullayeva teatrda – Natella (“Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Zuzu (“Qızıl toy” O.Kazımi R.Heydər), Sona (“Talelər qovuşanda” R.Hacıyev), Sənəm (“O olmasın, bu olsun” Ü.Hacıbəyli), Naz-naz xanım (“Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Səmayə (“Bankir adaxlı” E.Sabitoğlu və T.Vəliyeva), Pəri Fauna (“Yatmış gözəl və cırtdanlar” Ş.Pero, səhn. A.Sadıqov), Ana keçi (“Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər), Ağabacı (“Baladadaşın toy hamamı” F.Allahverdi və Elçin), Fatma (“999-cu gecə” “1001 gecə” nağılları və F.Əmirovun musiqiləri əsasında), Fatma, Təmənna (“Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, (Tərc. D.Mustafayev), Böyük qız (“Toya bir gün qalmış”, Ə.Səmədli), Zöhrə (“Nuri-didə Ceyhun” Ə.Əmirli) Laçın müəllimə (“Bir nəfəs qədər” S.Qulamov), Tülkü Alisa (“Buratino” A.Rıbnikov, A.Tolstoy), Ana (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts, tərc. C.Məmmədov), Leylinin anası (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli, səhn.S.Qulamov), rollarını ifa edib.
O, teatr tamaşaları ilə yanaşı bədii film və seriallarda da rol alıb. Suğra (“Sənə inanıram”) Vəkilin xanımı (“Bölmə”), Müəllimə (“Bir ovuc torpaq”), Qadın (“Ərazi”), Salon müdiri (“Qatarda”), Məsmə (“Sirr”), Məhbusə (“Caqqal nəfəsi”), İş adamı (“Yalan”), Natəvan (“Bir kəndin sevinci”), Ana (“Kabusun kölgəsi”), Kubra (“Axınla üzü aşağı”), Katibə (“Bəyaz həyat”), Qulluqçu (“Bacanaqlar”), Həkim (“Qanun naminə”), Gülsurə (“Şən dullar”) obrazlarını qeyd etmək olar. Musiqili Teatrla yanaşı "Planeta parni iz Baku” ŞHK-nın tamaşalarında çıxış edib.