Elnarə Nağdəliyeva

Elnarə Cəbrayıl qızı Nağdəliyeva 22 fevral 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsində təhsil almışdır. O, 1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul olunmuş və bir sıra tamaşalarda iştrak etmişdir. 2002-ci ildən etibarən isə solist-vokalist vəzifəsində çalışır.

Teatrda işlədiyi müddət ərzində müxtəlif tamaşalarda iştirak etmişdir. S.Ələsgərov “Hərənin öz ulduzu”nda Kəndçi qız (S.Ələsgərov, İ.Məlikzadə), “Səhnədə məhəbbət”də Afa (S.Fərəcov, Ə.Əmirli), “Əlin cibində olsun”da Əsmər (O.Rəcəbov, A.Babayev), “Şeytanın yubileyi”ndə Ceyran (O.Rəcəbov, A.Babayev), “Qızıl toy”da Əcnəbi qız (O.Kazımi, R.Heydər), “Eşitmədik bilmədik”də Həyasız qadın (C.Quliyev, R.Səməndər), “İtkin ər”də Sıcaq (C.Quliyev, Ə.Əmirli), “Bankir adaxlı”da Gülbikə, (E.Sabitoğlu, T.Vəliyeva), “Bəydullanın möhtəşəm toyu”nda Qiyamət (R.Əkbər), “Qısqanc ürəklər”də Zema (R.Mirişli, M.Haqverdiyev), “Kələkbazlar”da Çiçək (S.Ələsgərov, İ.Məlikzadə), “Talelər qovuşanda”da Gülər (R.Hacıyev), “Yeddi məhbusə anası”nda Qüdrət (C.Quliyev, Ə.Əmirli), “Baladadşın toy hamamı”nda Elmira (F.Allahverdi, Elçin), “Molla Nəsrəddinin beş arvadı”nda Tutu (İ.Sadıqov, tərc. Dilsuz), “Beş manatlıq gəlin”də Gülnaz (S.Rüstəmov, M.S.Ordubadi), “Bəxtiyar”da Zəhra (T.Quliyev, B.Laskin, N.Rojkov), “Dəcəl çəpişlər”də Şəngülüm (O.Zülfüqarov, R.Heydər), “Buratino”da Artimon (A.Rıbnikov, A.Tolstoy), “Qırmızı papaq”da Dovşan (E.Sabitoğlu, Y.Şvarts, tərc. C.Məmmədov), “Hacı Qara”da Tükəz (M.F.Axundzadə), “Toya bir gün qalmış”da Kiçik qız (Ə.Səmədli) kimi obrazları ifa etmişdir.

1995-ci ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başlamışdır. Bir sıra tamaşalarda iştirak etmişdir. Bunlardan “Dəli domrul”da Xatun, Əzrail, “Parisi dağıdanlar”da Aytən, Şərəfnisə, “Damdabaca”da Aytən, “Tıq-tıq xanım”da Badam nənə kimi rolların adını çəkmək olar. 1999-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “Dədəm-Qorqud bədii qiraət” müsabiqəsində mükafata layiq görülmüşdür.