Elməddin Dadaşov
Elməddin Həmzə oğlu Dadaşov 29 avqust 1984-cü il Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri Sabunçu rayonu 192 saylı orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib.
Əmək fəaliyyətinə 10 may 2002-ci ildə Ə.Paşayev adına Mədəniyyət evində təşkilatçı vəzifəsi ilə başlayıb. Poeziya və dram dərnəyinin üzvü kimi “Milli Dirçəliş günü”nə həsr olunmuş (Azərbaycan Vətənimdir) baxış müsabiqəsinin qalib diplomu ilə 2001-ci il də Bakı Şəhər Mədəniyyət İdarəsi tərəfindən təltif olunub.
2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq sənəti fakültəsinin “Dram rejissoru” ixtisasına daxil olub. Əməkdar incəsənət xadimi YUĞ teatrının yaradıcısı və baş rejissoru, professor Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 2008-ci il tarixində universiteti fərqlənmə diploma ilə bitirib. Tələbə vaxtı M.F.Axudzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasının motivləri əsasında qurluş verdiyi “Səndən mənə yar olmaz” komediyasını, ingilis ədibi Epton Sinklerin “Oğru” pyeslərini səhnələşdirib. Diplom tamaşası olaraq isə Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyası əsasında hazırlanan, bəstəkarı Ramiz Mustafayev və Vasif Adıgözəlov olan “Xəsis” bir hissəli oyununa quruluş vermişdir.
2005-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına səhnə maşinisti vəzifəsinə qəbul edilib. 2006-cı ildən etibarən rejissor asisstenti vəzifəsində çalışır. Elməddin Dadaşov işlədiyi müddət ərzində “Məsmə xala dayımdır” (R.Mustafayev, C.Məmmədov), “Aldın payını, çağır dayını” (V.Adıgözəlov, Anar), “Hərənin öz ulduzu” (İ.Məlikzadə və S.Ələsgərov), “Qısqanc ürəklər” (R.Mirişli, M.Haqverdiyev), “Yeddi məhbusə anası” (C.Quliyev, Ə.Əmirli), “Milyonçunun
dilənçi oğlu” (S.Ələsgərov, Ş.Qurbanov), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Bayadera” (İ.Kalman), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Diqqət şəhərdə manyak var!” (S.Fərəcov, Ə.Nesin), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “Ər və arvad” (Ü.Hacıbəyli), “Evlənmə” (N.V.Qoqol), “Kimyagər” (M.F.Axundzadə, S.Kərimi), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Nuri Didə-Ceyhun” (Ə.Əmirli), “Utancaq qız” (F.Dostoyevski), və s. tamaşaların hazırlanmasında iştrak edib.
2008-ci ildən Akademik Musiqili Teatrında vokal-artisti solist kimi də fəaliyyət göstərir: O, teatrın səhnəsində - Şair (“Milyonçunun dilənçi oğlu” S.Ələsgərov, Ş.Qurbanov), Cin və Qamət (“Yeddi məhbusə anası” C.Quliyev, Ə.Əmirli), Molla, Satıcı və Qaradavoy (“O olmasin bu olsun” Ü.Hacıbəyli), Tarik, Tərlan-Tərgəldi (“Aldın payını, çağır dayını” V.Adıgözəlov, Anar), Qonaq (“Bayadera” İ.Kalman), Zərgər və Cangüdən (“Bankir adaxlı”- E.Sabitoğlu, T.Vəliyeva), Ayı (“Qırmızı papaq”- E.Sabitoğlu, Y.Şvarts), Çaqqal və Məngülüm (“Şəngülüm, Şüngülüm, Məngülüm” O.Zülfüqarov, R.Heydər), Şoumen və turist oğlan (“Qızıl toy” O.Kazımi, R.Heydər), Satıcı (“Talelər qovuşanda” R.Hacıyev), Roberto (“Silva” İ.Kalman), Pişik (“Kimdir müqəssir?” Ə.Haqverdiyev), Tutuquşu (“999-cu gecə” F.Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında), Uzunqulaq (“Bremen musiqiçiləri və Pen”), Peyinsatan (“Baladadaşın toy hamamı” F.Allahverdi və Elçin), Məxfi işçi (“Nuri Didə-Ceyhun” Ə.Əmirli), Tonni Sorelli (“Nəğməmə inan” P.Bülbüloğlu və M.Şerbaçenko) və digər obrzalarını canlandırıb.
Elməddin Dadaşov bir neçə bədii film və seriallara çəkilib. O, “Görüş kafesi” (2006), “Köhnə həyətdə son yeni il” (2008), televiziya layihələrində, “İşdə məhəbbət məcarası” (2020), “Ay Yay Yay” (2019), “Duz Kozer” (2021) seriallarında, “Bayram axşamları” (2017), “Sabirabad mişarı” (2022) filmlərində maraqlı rolları canlandırıb.
2008-2013-cü illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nəzdində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaranan Uşaq Yaradıcılıq studiyasında müəllim-repetitor və rejissor vəzifəsində çalışan Elməddin Dadaşov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində: “Şəngülüm, Şüngülüm, Məngülüm” (O.Zülfüqarov və R.Heydər, 2012), “Düyməcik” (H.X.Anderson 2013), “Buratino” (A.Rıbnikov və A.Tolstoy, tərcümə N.Kazımov, 2011) tamaşalarına quruluş vermiş, eyni zamanda ikinci rejissor kimi “999-cu gecə”, “Bremen musiqiçiləri və Pen”, “Meşə çaqqalsız olmaz”, “Talelər qovuşanda”, “Kimyagər” və “Aldım payını, çağır qayını” tamaşalarının hazırlanmasında iştrak etmişdir.
“Qoğalın yeni il macərası” (Rus xalq nağılı, 2018), “Buratino” (A.Rıbnikov və A.Tolstoy, tərcümə N.Kazımov, 2019), “Sevənlərindir dünya” (Ə.Pəhlivan, 2023) tamaşalarının quruluşçu rejissorudur.
2013 və 2014-cü illərdə “Space Tv” MMC-də “Hər səhər” proqramında ilk olaraq müxbir, daha sonra isə quruluşçu rejissor kimi çalışmışıb. Azərbaycan mədəniyyətini İran İslam Respublikasında, Amerika Birləşmiş Ştatlarında təbliğ edib.