Rauf Babayev
Qafar oğlu Babayev 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illər ərzində Azərbaycan Texniki Universitetində təhsil alıb. 2004-2006-cı illərdə həmin universiteti magistr dərəcəsi üzrə fərqlənmə ilə bitirirb. 2008-2012-ci illərdə Bakı Musiqi Akademiyasında “Solo oxuma” ixtisası üzrə təhsil almışdır. 2017-2019-cu illər ərzində həmin universitetinin “Opera sinifi” ixtisasını magistr elmi dərəcəsi üzrə fərqlənmə ilə bitirmişdir.
Rauf Babayev 2008-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır. O, teatr səhnəsində Ayı (“Qırmızı papaq” – E.Sabitoğlu, V.Kolmanovski), Muxomor (“Yağış göbələyinin macərası” – R.Şəfəq, V.Zimin), Köstəbək, Cadugər, May böcəyi (“Düyməcik” – H.X.Anderson), Ayı, Canavar (“Qoğalın macərası” – Ə.Hacıyev), Koşey (“İki küpəgirən qarı” – T.Karelina), Canavar (“Qızıl cücə” – V.Ulanovski, V.Orlov), Papa Karlo (“Buratino” – A.Rıbnikov, A.Tolstoy), Qoçu (“O olmasın, bu olsun” – Ü.Hacıbəyli), Qvardiyaçı, De Valver (“Çılğın Qaskoniyalı” – Q.Qarayev, P.Predova), Teatr direktoru (“Bayadera” – Y.Brammer, A.Qrinvald), Bernard (“Fransızsayağı qarnir” – M.Kamoletti), Leandr (“Skapenin kələkləri” – J.Molyer), Buba (“Qafqazlı qardaşqızı” – R.Hacıyev), Edvin (“Silva” – İ.Kalman), Müsyo Kombon (“Nuri-Didə Ceyhun” – Ə.Əmirli), Səlim (“Bir dəfə Bağdadda” – E.Sabitoğlu, V.Kolmanovski), Kommersant (“Balaca şahzadə” – R.Ağababayev, A.Ekzüperi), Petya (“Bəxtiyar” – T.Quliyev, B.Laskin, N.Rojkov), Vojevatov (“Lara Martin’s Jazz Club” – A.Ostrovski), İqor Qudimov (“Nəğməmə inan” – P.Bülbüloğlu, M.Şerbaçenko), San Sanıç, (“Qorxma, biz səninləyik!” P.Bülbüloğlu, Y.İsayeva, C.İmamverdiyev) kimi obrazlar qalereyası yaratmışdır.
2010-cu ildən Rauf Babayev, həmçinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor olaraq fəaliyyətini davam etdirir. Teatrda – “Düyməcik”, “Qoçaq Əhməd”, “Çippolino”, “Göy saqqal”, “Nağıl haqqında nağıl”, “Pinokio”, “Karlson”, “Oyaq gözəl”, “Qoğal”, “Durna balığı”, “Maşa və ayı”, “Üç cəsur”, “Ağ və qara”, “Düyməcik” və s. tamaşalarda iştrak edib.
R.Babayev, eyni zamanda “Fəcr” Festivalı (Təbriz, 2010), “Nauruz” Festivalı (Kazan, 2011), “Xəzər sahili” Festivalı (Həştərxan, 2018), “ObraztsovFest” (Moskava, 2018) teatr festivalların iştrakçısı olub.
2012-ci ildən R.Babayev BMA tərkibində olan Ş.Məmmədova adına Opera studiyasında solist vəzifəsində işləyir. O, tələbələrlə birlikdə, studiyanın səhnəsində Ruits (“Trubadur” – C.Verdi), Edvin (“Silva” – İ.Kalman), De Qriye (“Manon Lesko” – J.Massnen), Nemorino (“Məhəbbət şərbəti” – Q.Donizetti), Gənc qaraçı (“Aleko” – S.Raxmaninov), Çekalinskiy (“Qaratoxmaq qadın” – P.Çaykovsiy) və digər partiyaları ifa etmişdir. R.Babayev tez-tez klassik konsertlərdə uğurla iştirak edir, həmçinin filmlərdə çəkilir.
O, teatr sahəsində fəaliyyətinə görə 2016-cı ildə Teatr Xadimləri İttifaqı tərəfindən “Fəxri Fərman”, 2021-ci ildə AR Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunub.