Səmədzadə Xasiyev
Xasıyev Səmədzadə Nadir oğlu, 20 dekabr 1984-cü ildə Ağsu rayonunun Keşdiməz kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsində təhsil alıb.
2003-cü ildən etibarən Səmədzadə Xasıyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır və oynadığı tamaşaların öhdəsindən məharətlə gəlir. Geniş vokal imkanı, eyni zamanda aktyorluğu ona Musiqili Teatrın səhnəsində yaddaqalan obrazlar yaratmağa imkan verir. Səmədzadə Xasıyev - Cangüdən (“Səhnədə məhəbbət” S.Fərəcov, Ə.Əmirli), Fəxri (“Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev), Qusik (“Məsmə xala dayımdır” R.Mustafayev, C.Məmmədov), Çaqqal, Ağacdələn (“Baş tutmayan hiylə” R.Şəfəq, Ə.Səmədli), Makedon (“Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Akif (“Şeytanın yubileyi” O. Rəcəbov, A.Babayev), Çaqqal (“Şəngülüm, Şüngülüm, Məngülüm” O.Zülfüqarov, R.Heydər), Birinci xidmətçi (“Milyonçunun dilənçi oğlu” S.Ələsgərov, Ş.Qurbanov), Canavar (“Qızrmızı papaq”, E.Sabitoğlu, Y.Şvarts, tərc. C.Məmmədov), Fəqan (“Kələkbazlar” S.Ələsgərov, İ.Məlikzadə), Aslan ("Yeddi məhbusə anası” C.Quliyev, Ə.Əmirli), Gülməmməd (“Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Bilal, Kamran (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Sərvər, Həsənqulu bəy (“O olmasın, bu olsun” Ü.Hacıbəyli), Vəli, Əsgər (“Arşın mal alan” Ü.Hacıbəyli), Qaston İrini ("İdialı qaraçı” İ.Kalman), Maruf (“999-cu gecə” F.Əmirov, 1001 gecə nağıllarının motivləri əsasında), Pyero (“Buratino” A.Rıbnikov, A.Tolstoy), Culyan Qoşer (“Paris Notr-Dama ithaf" V.Hüqo, səh. S.Qulamov), Şəhid Əli (“Bir nəfəs qədər" S.Qulamov), Azər (“Qızıl toy” O.Kazımi, R.Heydər), Qiyas (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Məhəmməd Füzuli (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli, səh. S.Qulamov), Səməd (“Anamın kitabı” C.Məmmədquluzadə) obrazlarını canlandırmışdır.