Möylə Mirzəliyev
Mirzəliyev Möylə Vəli oğlu 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1966-1976-cı ildə həmin kəndin orta məktəbində oxumuşdur. 1978-80-cı illərdə ordu sıralarında olmuşdur. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Musiqili komediya aktyorluğu» fakültəsinə qəbul olunmuşdur. 1985-ci M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına təyinat almışdır. 1992-ci ilə kimi orda xor artisti vəzifəsində işləmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İşlədiyi müddət ərzində S.Ələsgərov, Ş.Qurbanov «Özümüz bilərik»də Səftər, S.Rüstəmov, M.S.Ordubadi «5 manatlıq gəlin»də Nadir, Tahir, O.Kazımi, R.Heydər «Qızıl toy»da Rəhim, S.Ələsgərov, İ.Məlikzadə «Hərənin öz ulduzu»nda Şöhrət, O. Rəcəbov, A.Babayev «Əlin cibində olsun»da Qəşəm, R.Mustafayev, A.Qüdrət «Volqalı canan»da Müqəddəsov, S.Fərəcov, Ə.Əmirli «Səhnədə məhəbbət»də Şvars, V.Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Məlik, E.Sabitoğlu, T.Vəliyeva «Bankir adaxlı»da Zaur, R.Hacıyev «Talelər qovuşanda»da Balaş, R.Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Kələntər, O.Kazımi, F.Məmmədov «Dəli dünya»da Əlpənah, S.Fərəcov, Ə.Nesin «Şəhərdə manyak var»da Dursunsoy, İ.Kalman «İdialı qaraçı»da Estraqon, N.V.Qoqol «Evlənmə»də Starikov, Ü.Hacıbəyli «Ər və arvad»da Kəblə Qubad, Ü.Hacıbəyli «O olmasın, bu olsun»da Məşədi Qəzənfər, Ü.Hacıbəyli «Ər və arvad»da Kərbəlayi Qubad, T.Quliyev, B.Laskin, N.Rojkov «Bəxtiyar»da Rza, Ə.Səmədli «Toya bir gün qalmış»da Qayınata, A.Rıbnikov, A.Tolstoy «Buratino»da Karabas Barabas, R.Hacıyev «Talelər qovuşanda»da Balaş Qurbanov, E.Sabitoğlu, T.Vəliyeva «Bankir adaxlı»da Zərgər, F.Allahverdi, Elçin «Baladadaşın toy hamamı»nda Qəzənfər, İ.Sadıqov «Molla Nəsrəddinin beş arvadı»nda Qulam kimi rolların ifaçısı olmuşdur.