Adelin Öztürk
Adelin Ahmet qızı Öztürk 1999-ci ildə Bakı şəhərində anadan olub. 2005-2012-ci illərdə DTX-nın Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən orta musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2006-2010-cu illərdə 46 saylı orta məktəbdə oxuyub. 2010-2013-cü illərdə Bakı-Türk Anadolu Liseyini, 2013-2017-ci illərdə Avni Akyol İncə Sənət Liseyini musiqi ixtisası üzrə bitirib.
2019-2023-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Solo oxuma və Opera hazırlığı” kafedrasında təhsil alıb.
Öz ixtisası üzrə Xalq artisti Fidan Qasımovanın sinfində oxumağa başlayan A.Öztürk daha sonra Əməkdar artist İlham Nəzərovun sinfini uğurla başa vurub. 2020-ci ildə "Rus Alboradası" vokal müsabiqəsində 3-cü yerə layiq görülüb. O, "Barokko Günləri" Beynəlxalq Musiqi Festivalı çərçivəsində San Carlo və Roma Opera Teatrlarının rəhbəri olmuş məşhur İtalyan professoru Vincenzo De Vivonun ustad dərsində iştirak edib.
2021-ci ildə Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Vokal Musiqi Axşamı"nda çıxış edib. 2023-cü ildə Gürcüstanda keçirilən N.Andguladze adına VI Beynəlxalq Vokal Müsabiqəsində I yerə layiq görülüb.
2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistidir.
Aktrisa "Qafqazlı qardaşqızı" (R.Hacıyev) operettasında Natavan, "Qızıl Cücə" (V.Ulanovski və V.Orlov) nağıl-tamaşasında "Dovşan", "Qırmızı Papaq"da (E.Sabitoğlu, Y.Şvarts) Dovşan, "Nəğməmə İnan"da (P.Bülbüloğlu, M.Şerbaçenko) Tərcüməçi, "Sehrli Nəğmə"də (P.Korotıç, tərc. A.İsmixanova) Qulyabani, “İki küpəgirən qarı”da (Ə.Əlizadə, R.Sef, T.Karelina) Dunya, “Qafqazlı qardaşqızı”nda (R.Hacıyev) Natavan, “Bəxtiyar”da (T.Quliyev, B.Laskin, N.Rojkov) Rəfiqə obrazlarını yaradıb.
Adelin Öztürk dövlət tədbirlərində və müxtəlif konsertlər proqramlarında fəal iştirak edir.