Aqil Bəhramlı

Aqil Adil oğlu Bəhramlı 15 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsində, 2015–2020-ci illərdə isə Karaqo adına Kiyev Dövlət Teatr, Kino və Televiziya Universitetində teatr işinin təşkili və idarəçiliyi ixtisası üzrə təhsil alıb. 
1993–2003-cü illərdə Azərbaycan Ensiklopediyası nəzdində “Xəmsə” kiçik dövlət müəssisəsində, 2003–2009-cu illərdə Milli İncəsənət Muzeyində çalışıb.
 O, 2010–2020-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini, 2021-ci ildən 2025-ci ilin aprel ayınadək Gəncə Dövlət Milli Dram Teatrında direktor vəzifəsində çalışıb.
2024-cü ildə Azərbaycan milli teatrının inkişafındakı səmərəli fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülüb. 
A.Bəhramlı müxtəlif illərdə Türkiyə, Gürcüstan və Rusiya Federasiyasının bir sıra vilayətlərində keçirilən beynəlxalq teatr festivallarında fəxri qonaq və ya münsiflər heyətinin üzvü qismində iştirak edib. 
Gəncə Teatrına rəhbərlik etdiyi dövrdə yaradıcı kollektivlə Türkiyə, Gürcüstan, Litva, Portuqaliyada beynəlxalq teatr festivallarında yerli və xarici müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalarla Azərbaycan teatrını müvəffəqiyyətlə təmsil edib. 
Maraqlı layihələri ilə Gəncə teatrı tarixinə töhfələr verən Aqil müəllimin uğurları sırasında Portuqaliya səfəri xüsusi vurğulanır. Kollektiv həmin Beynəlxalq Teatr Festivalından QRAN-PRİ mükafatı ilə qayıdıb.

Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Aqil Bəhramlı 2025-ci ilin aprelindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor təyin edilib.