Əzizağa Əzizov

Əzizağa Ağayar oğlu Əzizov 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olub.
O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram Teatrında başlayan Əzizağa Əzizov 1986–1989-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında, 1989–1990-cı illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (hazırkı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) çalışıb. Qısa fasilədən sonra 1994–1995-ci illərdən etibarən həmin teatrda fəaliyyətini yenidən davam etdirib. Zəngin yaradıcılıq palitrasına malik aktyor teatr səhnəsində çoxsaylı maraqlı və yaddaqalan obrazlar yaradıb. “Özümüz bilərik”də Səftər, “Subaylarınızdan görəsiniz”də Əlipaşa və Seyfi, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Qızıl toy”da Rəhim, “Səhnədə məhəbbət”də Şvarsneqr, “Bankir adaxlı”da Zaur, “Bir saatlıq xəlifəlik”də Harun ər-Rəşid, “Volqalı canan”da Fələkzadə və Doymazov, “Qısqanc ürəklər”də Mikayıl, “Arşın mal alan”da Soltan bəy, “Molla Nəsrəddinin beş arvadı”nda Molla Nəsrəddin, “Qodonun intizarında” tamaşasında isə Vladimir obrazının adını qeyd etmək olar. 
Əzizağa Əzizovun səhnə fəaliyyəti ilə yanaşı, televiziya tamaşaları və ekran işlərində də uğurlu çıxışları olub. O, “Aramızda qalsın” (Əjdər, 2011), “Ci-Mi” (Badrinarx, 2008), “Dəvətnamə” (Pul yazan, 2003), “Hərənin öz payı+tayı” (Əlipaşa, 2006), “Şans” (Səlam, 2004), “Yaşıl eynəkli adam-3” (Serjant, 2002), “Qardalı kəndinin gecələri” (Xasməmməd, 2007), “Bizim bayram” (Əzizağa, 2008) kimi televiziya və kino layihələrində maraqlı, koloritli obrazlar yaradıb.
Yaradıcılıq fəaliyyətinə görə aktyor 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Əməkdar artist” fəxri adına layiq görülüb. O, həmçinin 2017 və 2018-ci illərdə Prezident mükafatçısı olub.