Akademik Musiqili Teatr 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar müxtəlif videoçarxlar hazırladı

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları – Samir Qulamov, Ər-Toğrul Kamalov, Anar Babalı, Zaur Əliyev faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan "Unutmayaq!” layihəsində iştirak ediblər. Layihənin ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Məqsəd 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri bir daha və dönə-dönə diqqətə çatdırmaqdır.

Samir Qulamovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Sündü” filmi Mart soyqrımı ilə bağlı qısametrajlı bədii filmdir. Qobustan rayonununda çəkilən bu filmin baş prodüseri Ülvi Cəfərov, bəstəkarı Ali Aliyev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Mətnin erməni dilindən tərcüməsi İsrafil Xudaverdiyevə məxsusdur.

"Filmdə söhbət konkret bir kənddə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər göstərilir. Onu da vurğulayım ki, Sündü Azərbaycanda yeganə kənddir ki, orada 32 qəbirstanlıq var... 70 il ərzində Sovet hakimiyyəti xalqımızın qan yaddaşını silməyə çalışsa da, soyqırımla bağlı mövzuları dilə gətirməyi yasaq etsə də, buna nail ola bilmədi. 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman əsasında bu dəhşətli hadisələrə siyasi-hüquqi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edildi...” – deyə S.Qulamov film haqda geniş açıqlamasında bildirib.

Qeyd edək ki, filmdə rolları Əməkdar artist Nadir Xasiyev, aktyorlar – Emil Heydərov, Gülcahan Salamova, Səməd Xasiyev, Əmrah Dadaşov, Rauf Babayev, Nicat Əli, Gültac Əlili, Valeriya İsgəndərzadə, Şaban Cəfərov, İbrahim Əlizadə, Emin Zeynallı, Bənövşə Allahverdiyeva, Nərmin Əliyeva, Fərid Muradoğlu, Hidayət Əliyev, Ruslan Mürsəlov, Ayan Qurbanova, Muhammed və Ali Qulamovlar iştirak ediblər.

Ər-Toğrul Kamalovun "Qətliam" videoçarxındakı kadrlar da mənfur düşmənlərimizin iç üzlərini açır, onların barbarlığı real faktlar əsasında vurğulanır. Bu videçarxın da baş prodüseri Ülvi Cəfərov, montajçısı Kənan Muxtarov, operatoru Şahmar Səfəroğludur, rollarda Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Zaur Əliyev, Rahib Məmmədzadə, Aydan Həsənova çəkilmişlər.

Anar Babalının "31 Mart – Qanlı tarix" videoçarxında müasir gənclərin gözü ilə faciənin tarixi kökləri araşdırılır. Teatrın gənc aktyoru Hidayət Əliyevin çəkildiyi videoçarxın mətnini Elçin Hacıyev səsləndirib. Operator Əfqan Ələsovdur.

Zaur Əliyevin hazırladığı videoçarxda isə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dünya teatrları ilə Azərbaycan teatrlarının repertuarı arasındakı fərqli ab-hava təhlil olunur, həmin gün bizim səhnədə göstərilən faciələrin səbəbləri sətiraltı mənalarla diqqətə çatdırılır. Videoçarxı Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşov səsləndirib.

"Böyük qələbəmizdən sonra teatrın gördüyü bütün bu uğurlu işlər yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan genişmiqyaslı layihələrin bir parçasıdır”,  – deyə layihənin rəhbəri Əliqismət Lalayev bizimlə söhbətində bildirdi: "Təki pandemiya deyilən bu bəla üstümüzdən götürülsün. Normal iş şəraitimizə qayıdaq. Tamaşaçılarımıza deyəcək sözlərimiz çoxdur. İnanırıq ki, o günə çox qalmayıb. Pərdələrimizin açılacağı günlər lap yaxınlıqdadır.”

https://youtu.be/EqaZwvt9Vaw

https://youtu.be/ML8dm2w46p8

https://youtu.be/Z-vucRs-Zh4

https://youtu.be/3XPxIc1PuOM

Tarix: 31.03.2021