Böyük səhnənin sirləri: Teatr kostyumları necə hazırlanır?
Teatr tamaşası dekorasiyasız ola bilər, ancaq kostyumsuz yox. İstər səhnədə, istərsə də ekran əsərində yaradılan obrazın dolğun alınmasında səhnə geyimləri mühüm əhəmiyyət kəsb edir. Buro247.az saytı bir neçə sənət ocağının səhnə arxasına boylanıb, bir-birindən parlaq və gözəl, bəzən isə sənət əsərini xatırladan teatr kostyumlarının hazırlanma prossesini çəkdi. Bir tamaşanın ərsəyə gəlməsi üçün onlarla insan əziyyət çəkir. Səhnə arxasında çalışan bu sənət fədailəri - geyim üzrə rəssamlar, modelyerlər, kostyumçu dərzilər, qrimçi-pastijor, dekoratorlar ömürlərini məhz teatra həsr ediblər, qonorarları nə qədər az olsa da işlərini sevərək, ürəkdən görürlər. Səhnə kostyumlarının ərsəyə gəlməsində əsas şəxslərdən biri geyim üzrə rəssamdır. Həmsöhbətimiz isə Azərbaycan Dövlət Musiqili teatrının geyimlər üzrə rəssamı Yelena Almazovadır. "Baladadaşın toy hamamı", "Amerikalı kürəkən", "Dəcəl çəpişlər", "Qızıl toy", "Bankir adaxlı", "Kimdir müqəssir" kimi onlarla tamaşa üzərində çalışmış Yelena xanım bizimlə söhbətində bu sənətin incəliklərindən söz açdı: "Hər bir tamaşaya hazırlıq prossesi rejissorla rəssamın müzakirəsindən başlayır. Daha sonra rəssam kostyumların eskizini çəkir və mənə təqdim edir. Əgər rəssamın kostyumların rəngi və ya stili ilə bağlı hər hansı istəyi varsa, bunu mütləq deyir. Rəssam-modelyerlə geyim üzrə rəssamın fərqi ondadır ki, birinci real həyata aidiyyəti olmayan, tamamilə öz fantaziyasının məhsulu olan geyimlər işləyə bilər. Tamaşada obrazın xasiyyəti, psixologiyası, sosial mövqeyi önəm kəsb edir. Buna görə də qəhrəmana geyim hazırlayarkən parçanın relyef teksturasından tutmuş, rənglərə qədər ən xırda detala fikir verilməlidir. Çünki qəhrəmanın geyimi tamaşaçıya obraz haqqında informasiya verməlidir".
Çəkiliş etdiyimiz vaxt teatrda SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettası üçün son hazırlıq işləri gedirdi. Kostyum sexində çalışan 7 nəfərin gərgin iş prossesini izləyə-izləyə Yelena xanım işin çətin tərəflərindən də danışdı: "Tarixi tamaşalar üçün geyim hazırlayarkən, həmin dövrün tarixinə müraciət edirik, kitablardan, rəsmlərdən bəhrələnirik. Teatrın modelyer-konstruktoru Nübar xanım parçanı biçir və beləliklə də, prossesə başlayırıq. Tarixi kostyumların demək olar ki, çoxu əl işidir. Sonuncu dəfə "Yatmış gözəl" tamaşası üçün belə geyimlər hazırlamışıq. Bəzən bir kostyumun tikilməsi üçün həftələr, aylar lazımdır".
Teatrın təcrübəsində tanınmış modelyerlərlə iş birliyi də var. Belə ki, "Qızıl toy" tamaşasının geyim üzrə rəssamı Gülnarə Xəlilova olub.
Musiqili teatrın qarderobuna yollanırıq. Burada beş mindən çox kostyum, ayaqqabı, aksessuar və digər əşyalar saxlanılır. Teatrının kostyum sexinin rəhbəri Aynişan Məmmədovanın sözlərinə görə, geyimlər hazır olduqdan sonra içərisində obrazları canlandıran şəxslərin adları yazılaraq qarderob otağına təhvil verilir: "Tamaşanın təqdim olunmasına bir neçə saat qalmış qrimçi-pastijor geyimləri aktyorların qrim otaqlarına gətirilərək onlara təqdim edir. Tamaşa bitdikdən sonra siyahı ilə geyimlər aktyorlardan alınıb təmizlənməyə göndərilir. Ondan sonra isə yenidən səliqə ilə yerlərindən asılır". Dünyasını dəyişmiş görkəmli sənətkarların paltarları rəhbərliyin icazəsi ilə muzeyə təhvil verilir.
Qeyd edək ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin ilk tamaşası da məhz bu teatrın binasında olub. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülüb və yeni binanın inşasına başlanılıb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olaraq, öz tövsiyələrini verib, 1998-ci ildə isə teatr binasının rəsmi açılışında iştirak edib.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilib. 2013-cü ildə əsaslı təmirdən sonra açılan binada yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Teatrın 460 yerlik zalı ən müasir avadanlıqla təchiz olunub, oturacaqlar və mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılıb.