Emin Zeynallı
Fərman oğlu Zeynallı 8 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. 2002-2010-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. 2013-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr,
2017-2019-cu illərdə həmin ali təhsil müəssisəsinin “Solo oxuma” ixtisası üzrə magistr dərəcəsinə yüksəlib. Bu illər ərzində bir çox beynəlxalq və respublika müsabiqələrində laureat adını qazanıb, dövlət tədbirlərində yaxından iştirak edib.
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist vəzifəsində çalışır. O teatrda – Əsgər, Sərvər (“Arşın mal alan”, “O olmasın, bu olsun” Ü.Hacıbəyli), Qrequar (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhnələşdirən S.Qulamov), Papa Karlo (“Buratino” A.Rıbnikov, A.Tolstoy), Meşəbəyi (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), İbn Salam (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli), Şərəf (“Sevənlərindir dünya” Ə.Pəhləvan), Bəxtiyar (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov) obrazlarının ifaçısıdır.
Emin Zeynallı II Qarabağ Müharibəsi günlərində hərbi vətənpərvərlik mövzularında çəkilən sosial çarxlarda iştirak edib. Həmçinin bir sıra xarici festivallarda uğurla çıxış etmiş və teatrın adından ölkəmizi layiqincə təmsil etmişdir.