Valeriya İsgəndərova
Valeriya Ramizovna İsgəndərova 1974-cü il dekabrın 19-da Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə N.Tusi adına APU-nin “Riyaziyyat və informatika” fakültəsində, 1999-2003-cü illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil almışdır. Əmək fəaliyyətinə 16 sentyabr 1991-ci ildə Bakı Xoreoqrafiya məktəbində başlayan Valeriya İsgəndərova hal-hazırda orada riyaziyyat və informatika müəllimi vəzifəsində işləyir. 2003-2016-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında əvəzçilik üzrə xor artisti vəzifəsində işləmişdir. 1997-ci ildə Rəşid Behbudov adına mahnı və rəqs teatrında keçirilən "Tatar mahnısı-97” müsabiqəsində 2-ci yerə layiq görülüb. 2005 və 2018-ci illərdə Rusiya Federasiyiasının ölkəmizdə fəaliyyət göstərən səfirliyində keçirilən “Rodnımi duşi” müsabiqəsində mükafata layiq görülüb. 2018-ci ilin sentyabr ayından Akademik Musiqili Teatrda çalışır. Bu müddət ərzində “Bir dayan canavar”da Nuf-nuf (R.Ağayeva və A.Xayt), “Yağış göbələyinin macərası”nda (R.Şəfəq, V.Zimin) Göbələk, “Qırmızı papaq”da Tülkü (E.Sabitoğlu, Y.Şvarts), “Fransızsayağı qarnir”də Jaklin (M.Kamoletti), “İki küpəgirən qarı”da Küpəgirən qarı (Ə.Əlizadə, R.Sef, T.Karelina), “Silva”da Rozaliya (İ.Kalman), “Qızıl toy”da Turist qadın (O.Kazımi, R.Heydər), “Qızıl cücə”də Tülkü (V.Ulanovski, V.Orlov) obrazlarını ifa etmişdir.