İbrahim Əlizadə
İbrahim Zakir oğlu Əlizadə 22 may 1993-cü ildə Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində skripka və vokal ixtisası üzrə təhsil alıb. Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasının məzunudur (2011-2015-ci illər). 2010-cu il ''Xalq ulduzu" yarışmasında iştirak edib. 2012-ci ildə Beynəlxalq "DANS SONG FEST" yarışmasında 15 ölkə arasından 1-ci yerə sahib olub, bununla yanaşı, orada "Ən gözəl mahnı ifaçısı" mükafatına da layiq görülüb. 2016-ci ildə Bakıda ''IBO SHOW'' adlı (türk mahnılarından ibarət) solo konsert verib.
İbrahim Əlizadə 2017-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır. Onun qısa zaman ərzində müxtəlif tamaşalarda oynadığı maraqlı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. O, Akademik Musiqili Teatrın səhnəsində Süleyman ("Arşın Mal alan" Ü. Hacıbəyli), Ordan-bura ("Balaca Şahzadə" R.Ağababayev, A.Ekzüperi), Keşiş Don Klod ("Paris Notr-Dama ithaf" V.Hüqo, səhn. S.Qulamov), Nadir (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Cəlil (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Murad (“Baladadaşın toy hamamı” Elçin), Hərbi komissar (“Bir nəfəs qədər” S.Qulamov), İbn Salam (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli), Murad (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Bəxtiyar (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov) rollarını ifa etmişdir. 2021-ci ilin mart ayında 31 Mart Soyqırımı Gününə həsr olunmuş "Sündü" filminə çəkilmişdir.