Türkel Tariqpeyma
Türkel Tariqpeyma 5 oktyabr 1989-cu ildə Qax rayonunda ziyalı ailəsində anadan olub. 1995-ci ildə orta məktəb-liseyə, 1996-cı ildə Qax rayon Uşaq İncəsənət Məktəbində fortepiano sinfinə daxil olub. Məktəbdə oxuduğu dövrlərdə Qax rayon İstedadlar Müsabiqəsində ən yaxşı şer müəllifi kimi 1-ci yerə layiq görülüb. 2000-ci ildə Respublika Xor müsabiqəsində ən yaxşı xor solisti kimi laureat adını qazanıb. 2004-2008-ci illərdə Asəf Zeynallı adına musiqi kollecində "Estrada-vokal" sinfində oxuyub. Oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının "Vokal" fakültəsinə ən yüksək balla daxil olub. Tələbəlik illərində Türkiyədə və İtaliyada Azərbaycan Mədəniyyət günləri çərçivəsində konsertlərdə iştirak edib. 2010-cu ildə Rus Bəstəkarlarının Romansları Müsabiqəsində 2-ci yerə layiq görülüb. 2012-ci ildə Akademiyanı opera müğənnisi kimi bitirən Türkel xanım 2008-ci ildə Musiqili Teatrda xor artisti vəzifəsinə qəbul olunub. Səhnədəki fəallığı və aktyorluq məharəti ilə seçilərək 2011-ci ildə solist aktrisa vəzifəsinə keçirilib. Məlahətli səsə malik olan aktrisa lirik sopranodur. İşlədiyi müddətdə teatrda bir-birindən maraqlı obrazlar yaradıb. O, İbadın qızı (“Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Qüdrət (“Yeddi məhbusə anası” Ə.Əmirli, C.Quliyev), Gülər (“Talelər qovuşanda” R.Hacıyev), Səbinə (“Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Bahar (“Kimdir müəqssir” Ə.Haqverdiyev), Aygün (“Qızıl toy” O.Kazımi, R.Heydər), Gülnaz (“O olmasın, bu olsun” Ü.Hacıbəyli), Asya (“Arşın mal alan” Ü.Hacıbəyli), Naznaz (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Cənnət (“Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc. Dilsuz), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Malifi Senta (“Yatmış gözəl və cırtdanlar” Ş.Pero), Dunyaşa (“Evlənmə” A.Panteleymanova), Zaurun bacısı (“Bankir adaxlı” E.Sabitoğlu, T.Vəliyeva) kimi obrazları ifa edib.