Eleanora Mustafayeva
Eleanora İlhamovna Mustafayeva 1979-cu il aprelin 29-da Rusiya Federasiyası, Samara vilayətinin
Çapayevski şəhərində anadan olub. 1986-1992-ci illərdə Çapayevsk şəhəri 2 saylı orta məktəbdə, 1992-ci ildən 1994-cü ilə qədər Bakıda 153 saylı orta məktəbdə oxuyubO, 1988-1992-ci illərdə Çapayevski şəhərində 1 saylı Uşaq İncəsənət Məktəbinin “Fortepiano” sinfində, daha sonra 1992-1995-ci illərdə Bakıda Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində təhsil alıb. O, həmçinin 1994-1996-cı illər ərzində Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının “Vokal” fakültəsində təhsilini davam etdirib və burada təhsil aldığı zaman Qızıl Fonda düşmüş Ü.Hacıbəylinin “Arşın mal alan” (Rej. T.Tağızadə, Ə.Əbluc) operettasında çıxış etmişdir. E.Mustafayeva 1997-2001-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Opera və konsert ifaçılığı” fakültəsində bakalavr, sonra isə 2002- 2004-cü illərdə “Solo oxuma” fakültəsində magistr dərəcələrini alıb.
Əmək fəaliyyətinə 2001-2002-ci illərdə 2 saylı Uşaq İncəsənət Məktəbində “Vokal oxuma” müəllimi kimi başlayıb, 2006-2007-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, 2007-ci ildən 2017-ci ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb. 2018-ci ildən isə yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal-artisti solist kimi fəaliyyətinə başlayıb və hal-hazırda teatrın aparıcı solistlərindən biri kimi fəaliyyətini davam etdirir. Opera və Balet Teatrında Leonora (“Trubadur” – C.Verdi), Nedda (“Pagliacci”- R.Leonkovallo) partiyalarını ifa etmişdir.
Eleonora Mustafayeva Akademik Musiqili Teatrda işlədiyi müddət ərzində bu teatrın səhnəsində F.Sücəddinov, T.Vəliyevanın “Mən dəyərəm min cavana” (Gülnaz), S.Ələsgərov, Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu” (Gözəl qız), M.Kamolettinin “Fransızsayağı qarnir” (Jaklin), Emin Sabitoğlu, Yevgeni Şvartsın “Qırmızı papaq” (Ana), R.Hacıyevin “Talelər qovuşanda” (Nərgiz) və “Qafqazlı qardaşqızı” (Lalə), O.Kazımi, R.Heydərin “Qızıl toy” (Aygün) tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Eleonora Mustafayeva 2018-ci ildə Qaziantepdə “I Beynəlxalq Opera və Balet Festivalı”nın açılış mərasimində, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastrında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq “Opera günləri”ndə, eləcə də Qazaxıstanın Karaqanda şəhərində XX Beynəlxalq “Музыкальная Сарыарка” musiqi festivalında uğurla iştirak edib və buna görə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən mükafatlandırılıb. Həmçinin 2020-ci ildə Türkiyənin Ankara şəhərində “Abay Kunanbayev ili” çərçivəsində Türkiyə Prezident Administrasiyası simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə və 9-29 iyun 2023-cü il tarixində TÜRKSOYUN yaranmasının 30 illiyinə həsr edilmiş Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində keçirilən Türk Mədəniyyəti Günləri konsertlərində çıxış edib, medal və diplomla təltif edilib. Eleonora Mustafayeva eyni zamanda Nizami ili ilə bağlı və Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar keçirilən silsilə konsertlərdə çıxış etmişdir.