Aydan Həsənova
Aydan Vaqif qızı Həsənova 17 okyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub. 2017-ci ildə Bakı Musiqi Akademiyasının “Solo oxuma” fakültəsini bitirib. 2015-ci ildə Akademik Musiqili Teatrda vokal artisti-solist vəzifəsinə qəbul olunub. Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində məlahətli səsi və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin “Baladadaşın toy hamamı” (Bikə), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun "Bremen musiqiçiləri və Pen” (Vendi), E.Sabitoğlu və V.Kalmonovskinin “Bir dəfə Bağdadda” (Leyla), R.Ağababayev və A.S.Ekzüperinin “Balaca Şahzadə” (Qızılgül), V.Hüqonun (səhn. S.Qulamov) “Paris Notr-Dama ithaf” (Esmeralda), T.Quliyev, B.Laskin, N.Rojkovun “Bəxtiyar” (Saşa) tamaşalarında ifa etdiyi obrazların öhdəsindən məharətlə gəlmişdir. Aydan Həsənova 2016-ci ildə Yekaterinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb. Aydan Həsənova dövlət əhəmiyyətli tədbir və konsertlərdə fəal iştirak etdiyinə və uğurlu fəaliyyətinə görə 2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülüb.