Şaban Cəfərov
Cəfərov Şaban Faiq oğlu 1986-cı il dekabrın 22-də Gəncə şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru" fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə hərbi xidmətdə olub. 2006-2012-ci illərdə Akademik Opera və Balet Teatrında, 2010-2012-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında xor artisti kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə bir sıra tamaşalarda, konsert proqramlarında uğurla çıxış edib. 2012-ci ildən Azərbaycan Televiziya və Radiosunun C.Cahangirov adına xor kapellasında solist və Musiqili Teatrda solist-vokalist, aktyor olaraq çalışır. Aktyor, S.Ələsgərov və İ.Məlikzadənin "Kələkbazlar” (Fəqan), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Azər), Ş.Peronun (səhn. A.Sadıqov) "Yatmış gözəl və cırtdanlar” (Cırtdan), E.Sabitoğlu və E.Şvartsın "Qırmızı papaq” (Meşəbəyi), R.Hacıyev, F.Zöhrabov və E.Ocaqovun "Talelər qovuşanda” (Əli), O.Zülfüqarov və R.Heydərin "Dəcəl çəpişlər” (Ayı, Məngülüm), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Əzizağa), Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Sərvər), Ə. Əmirli ''Nuri-Didə Ceyhun" (2-cifraklı), V.Hüqonun (səhn. S.Qulamov) “Paris Notr-Dama ithaf” (Lüdovik), T.Quliyev, B.Laskin, N.Rojkovun “Bəxtiyar” (Bəxtiyar) tamaşalarında yadda qalan rollar oynayıb. O, 2010-cu ildə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib. 2014-cü ildə Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) xətti ilə Moskvada təşkil olunan bir sıra konsertlərdə çıxış edib. Həmçinin 2016-cı ildə Azərbaycanda keçirilən Amerika günləri çərçivəsində "Brodvey şou" teatrı ilə birgə layihənin iştirakçısı olub. 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Kanalının təşkil etdiyi "Sevgili Canan" adlı lahiyədə və 9-cu Beynəlxalq Ü.Hacıbəyli adına musiqi festivalında çıxış edib. Eləcə də Azərbaycanın bir sıra şəhər və rayonlarında keçirilən konsert proqramlarının iştirakçısı olub.