Ruslan Mürsəlov

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist çalışan Mürsəlov Ruslan Ağaverdi oğlu, 1984-cü ildə iyunun 25-də Bakı şəhərində anadan olub. 1995-ci ildə “Körpəm” eksperimental uşaq teatrında aktyor kimi fəaliyyətə başlayıb və burada o, “Cırtdan və div”, “Diş həkimi”, “Uzunqulaq dovşan” və s. tamaşalarda müxtəlif rollar oynayıb. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra, 2002-2004-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsində təhsil alıb. 2007-2011-ci illərdə “Körpəm” eksperimental uşaq teatrının bazasında yaradılmış “Bakı Uşaq Teatrında” aktyor vəzifəsində çalışıb. Fəaliyyətinin ilk dövrlərində uşaq tamaşaları olmasına baxmayaraq olduqca yaddaqalan obrazlar yaratmağı bacarmış və bu istedadı sayəsində bir sıra tamaşalarda baş rolları ifa etmişdir. Belə ki, “Sərxanın şər oyunu”, “Şəngülüm, Şüngülüm, Məngülüm” “Xaşxaşın göz yaşında”, “Şrek və dostları”, “Vətən” və bir çox başqa tamaşalarda çoxsaylı obrazlar yaratmışdır.

2012-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist vəzifəsinə qəbul olunub. Ruslan Mürsəlov Akademik Musiqili Teatrın səhnəsində Telman (“Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Gülməmməd (“Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Bilal ("Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Suçu("Ər və arvad” Ü.Hacıbəyli), Şef (www.Fərzəli-kef.com E.Sabitoğlu, C.Məmmədov), Sərxoş Turist ("Qızıl toy” O.Kazımi, R.Heydər), Zaur ("Bankir adaxlı” E.Sabitoğlu, T.Vəliyeva), Ayı ("Qırmızı papaq”, E.Sabitoğlu, Y.Şvarts, tərc.C.Məmmədov), Cırtdan ("Yatmış gözəl və cırtdanlar” A.Sadıqov) Dəllal ("Toya bir gün qalmış” Ə.Səmədli) Çaqqal ("Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər), Vəzir ("999-cu gecə” F.Əmirovun musiqiləri əsasında), Kapitan Nik ("Bremen musiqiçiləri və Pen”A.Sadıqov), Çaqqal, ("Meşə çaqqalsız olmaz” Ə.Səmədli), Oğrubaşı ("Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc. D.Mustafayev), Vəli ("Arşın mal alan” Ü.Hacıbəyli), Bədəl, Mıkırtıç ("Hacı Qara” M.F.Axundzadə), Qoğal ("Qoğal” Rus xalq nağılı), Bazilio ("Buratino” A.Tolstoy), Şiraslan (Sevənlərindir dünya” Ə.Pəhləvan), Molla Həmid (“Kimyagər” S.Kərimi, M.F.Axundzadə) və s. rollarını ifaçısıdır və bu rolların hamısı tamaşaçılar tərəfindən çox böyük maraq və hərarətlə qarşılanır.