Yuliya Heydərova
Heydərova Yuliya İqoryevna 7 mart 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə “Atikva” xorunda solist kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı Musiqi Akademiyasının solo ifaçılığı fakültəsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini (Azərbaycanın xalq artisti Natəvan Şeyxovanın sinfində) uğurla başa vurub. Elə həmin il magistraturaya daxil olub və 2004-cü ildə SSRİ xalq artisti professor Fidan Qasımovanın sinfini bitirib. 2008-2010-cu illərdə Bakı Musiqi Akademiyasında (Fidan və Xuraman Qasımovanın sinfində) aspirantura pilləsi üzrə təhsil alıb.
Respublika və beynəlxalq festivallar laureatrı Yulya Heydərova öz peşəkar fəaliyyəti ilə hər zaman ökəmizi müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil edib. O, Bülbül adına (Azərbaycan), Glinka adına (Rusiya), Monyuşko adına (Polşa), Çaykovski adına (Rusiya), Boris Xristov adına (Bolqarıstan), Leyla Gencer adına (Türkiyə), İvanov adına (Rusiya) və s. festivalların iştirakçısı olub. Eyni zamanda müxtəlif illərdə Türkiyə, Rusiya, Polşa, Ukrayna, Gürcüstanda solo konsertlərlə çıxış edib.
İstedadlı aktrisa teatr sahəsində daha da püxtələşmək üçün görkəmli sənətkarlardan (İ.Arxipova, G.Vişnevskaya, E.Obraztsova, Atlantov, Kord, L.Gergiev, V.Tolkunov, Bieşu, M.Freni, Grayer, İ.Pyavko, Nesterenko, Miloviç, M.Donald və b.) ustad dərsləri alıb. O, 2000-ci illərdə Rusiyada “Rodniki duşi” və “Ruskaya Pesnya” beynəlxalq müsabiqələrində 1-ci yerlərə layiq görülüb.
2000-ci ildə istedadlı vokal ifaçısı Azərbaycan Dövlət Akademik Musiqili Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində Zarri (“İdialı qaraçı” İ.Kalman), Liza (“Maritsa” İ.Kalman), Stassi (“Silva” İ.Kalman), Gülçöhrə (“Arşın mal alan” Ü.Hacıbəyli), Roksanna (“Neistovıy qasqonet” Q.Qarayev, P.Predov), Suzanna (“Fransızsayağı qarnir” M.Kamoletti), Giasinta (“Skapenin kələkləri” J.B.Molyer), Mixey (“Qızıl toy” O.Kazımi, R.Heydər), Natavan və Lalə (“Qafqazlı qardaşqızı” R.Hacıyev), Züleyxa (“Bir dəfə Baqdadda” E.Sabitoğlu, V.Kalmanovaski), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Küpəgirən qarı (“İki küpəgirən qarı” Ə.Əlizadə, R.Sef, T.Karelina), Qoğal, Dovşan (“Qoğal” Ə.Hacıyev), Dovşan, Nuf-nuf (“Bir dayan, canavar” R.Ağayeva, A.Kurdlyanski, A.Xayt), Düyməcik (“Düyməcik” H.X.Anderson), Cücə (“Qızıl cücə” V.Ulanovski, V.Orlov), Tülkü qardaş (“Yağış göbələyinin macərası” R.Şəfəq, V.Zimin) kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.
23 noyabr 2019-cu il tarixində Bakı Musiqi Akademiyasında “Elm çırağı” İctimai birliyinin “Azərbaycan-Çili elm və mədəniyyət müstəvisində” mövzusunda tədbirində iştirak etdiyinə görə Yuliya Heydərova mükafata layiq görülmüşdür. Gözəl aktrisanın bu layihədə iştirakına görə İctimayi birliyin sədri həmçinin Akademik Musiqili Teatrın rəhbərliyinə də təşəkkürünü bildirib.