Səməd Süleymanlı

Səməd Süleymanlı Vaqif oğlu 26 avqust 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1989–1997-ci illərdə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən 83 nömrəli orta məktəbdə təhsil alıb. 1997-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri fakültəsinin nəfəs alətləri üzrə “Truba” ixtisasına qəbul olunub. Təhsil aldığı illərdə Ankara, İstanbul, Mersin və digər şəhərlərdə solist ifaçı kimi müxtəlif konsert proqramlarında çıxış edib.
O, Bilkent Universiteti nəzdində fəaliyyət göstərən xorda (Azərbaycan Respublikasının xalq artisti Elnarə Kərimovanın rəhbərliyi ilə) müxtəlif konsertlərdə iştirak edib.
2001–2002-ci illərdə Bakı Musiqi Akademiyasının “Dirijorluq”, “Zərb Alətləri və Musiqişünaslıq” fakültələrində magistr təhsili alıb. Dirijorluq ixtisası üzrə müəllimi Azərbaycan Respublikasının Xalq artisti, professor, Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru Cavanşir Cəfərov olub. Bakı Musiqi Akademiyasının opera-simfonik dirijorluq ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Niyazi adına Simfonik Orkestrində I dərəcəli zərb alətləri qrupunun konsertmeysteri vəzifəsində çalışıb.
2005–2006-cı illərdə həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrində keçib. Xidmət dövründə əvvəlcə manqa komandiri kimi fəaliyyət göstərib, “Baş əsgər”, daha sonra isə “Kiçik çavuş” hərbi rütbələrini alıb.
Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Niyazi adına Simfonik Orkestrində əvvəlki vəzifəsinə qayıdıb. 2011-ci ildə həmin orkestrin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
2017-ci ildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev tərəfindən fəxri fərmanla təltif olunub.
2012–2019-cu illərdə Rəşid Behbudov adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, 2020–2022-ci illərdə isə Fikrət Əmirov adına 6 nömrəli Uşaq Musiqi və İncəsənət Məktəbində fəaliyyət göstərib. 2012-ci ildən etibarən Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Uşaq Musiqi Məktəbində zərb alətləri ixtisası üzrə müəllim vəzifəsində çalışır. Onun yetirmələri İtaliya, Qazaxıstan, Çexiya, ABŞ və digər ölkələrdə keçirilən beynəlxalq və respublika müsabiqə və festivallarında uğurla iştirak edərək laureat adlarına layiq görülüblər.
2016–2017-ci tədris ilində qazandığı yüksək nailiyyətlərə və məktəbin ictimai həyatında səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.
2017-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dirijor vəzifəsində çalışır. 2019-cu ildə 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunmuş Musiqi Həftəsi çərçivəsində teatrın orkestri ilə konsert proqramında çıxış edib, həmin ilin dekabr ayında keçirilən Azərbaycan Vokalçılar Festivalında bir sıra vokalçıların çıxışlarına dirijorluq edib.
Teatrdakı fəaliyyəti dövründə “Ər və arvad”, “Qızıl toy”, “Qısqanc ürəklər”, “Talelər qovuşanda”, “Baladadaşın toy hamamı”, “Qırmızı papaq və bir dəfə Bağdadda”, “Beş manatlıq gəlin”, “İki küpəgirən qarı”, “999-cu gecə”, “Bir nəfəs qədər” və “Sən kralsan!” tamaşalarına dirijorluq edib.

Bununla yanaşı, “Mən, nənəm, İliko və İllarion” tamaşasının musiqi rəhbəri və tərtibatçısı olub, həmçinin “İstintaq” (C.Allahverdiyev) tamaşasının quruluşçu dirijoru kimi fəaliyyət göstərib.

31 may – 4 iyun 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr olunmuş Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə dirijor kimi çıxış edib. Festival günlərində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və vokal ifaçılarının iştirakı ilə kontrabas, tabla və kamera orkestri üçün bəstələnmiş “Dəyişmə–2” əsərini qısa müddətdə yüksək səviyyədə hazırlayaraq uğurla təqdim edib. O, bu fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.