Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu “Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Onun yaratdığı - Sona xanım (“Dağılan tifaq”, Ə.Haqverdiyev), Məryəm (“Fərhad və Şirin”, S.Vurğun), Sara (“Solğun çiçəklər”, C.Cabbarlı), Həcər (“Qaçaq Nəbi”, S.Rüstəm), Təhminə (“Təhmiə və Zaur”, Anar) obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilib.
Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb. Azərbaycan Dövlət Musiqili Teatrında işlədiyi müddətdə yaratdığı - Bağdagül (“www.ferzeli-kef.com”, E.Sabitoğlu, C.Məmmədov), Xurma (“Hərənin öz ulduzu”, S.Ələsgərov, İ.Məlikzadə), Konfet (“Məhəbbət oyunu”, C.Aslanoğlu), Əsmər (“Məsmə xala dayımdır”, R.Mustafayev, C.Məmmədov), Falçı (“İtkin ər”, C.Quliyev, Ə.Əmirli), Adilə Dudu (“Bir günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin), Balaxanım (“Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Səməni (“Kələkbazlar”, İ.Məlikzadə), Ərəbzəngi (“Yeddi məhbusə anası”, C.Quliyev, Ə.Əmirli), ağıçı Gülbikə (“Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva), Məryəm (“Şeytanın yubileyi”, A.Babayev), Səkinə (“Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev), Zibeydə (“Baladadaşın toy hamamı”, F.Allahverdi, Elçin), Arvad (“Ər və arvad”, Ü.Hacıbəyli), Şirinbəyim xanım (“Nuri-didə Ceyhun”, Ə.Əmirli), Səlbi (“Beş manatlıq gəlin”, S.Rüstəmov, M.S.Ordubadi), Gülzar (“Bəxtiyar”, T.Quliyev, B.Laskin, N.Rojkov) obrazları peşəkarlıqla ifa edib.
Fatma Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.