Emil Heydərov
Emil Heydərov 1 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-94-cü ilərdə 41 saylı orta məktəbdə oxuyub. 1994-98-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Beynəlxalq maliyyə və valyuta – kredit münasibətləri" fakültəsinə qəbul olub. Əmək fəaliyyətinə 1994-cü ildən Gənc Tamaşaçılar Teatrından başlayıb. Müsabiqə yolu ilə bu teatra qəbul olunan istedadlı gənc kimi bir müddət orada "Merdenli" studiyasında işləyib, "Belosnejka i sem qnomov", "Den rojdeniya prinsessı", "Priklyuçeniye Donalda" kimi tamaşalarda Şahzadə, "Krakadil Gena i Çeburaşka"da Krakadil Gena obrazlarında səhnəyə çıxıb. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində təhsil alıb. 1997-ci ildə o, mərhum sənətkar, görkəmli kino və teatr aktyoru, Xalq artisti Hacıbaba Bağırovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına (keçmiş adı: Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) gəlib. Müsabiqənin münsiflər heyətində iştirak edən teatrın rəhbəri ilə yanaşı, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyli də onun vokal imkanlarını, aktyorluq məharətini yüksək qiymətləndirib. Elə o vaxtdan Musiqili Teatrda çalışan istedadlı aktyor "Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts) tamaşasında Canavar, "Qızıl cücə" (V.Ulanovski, V.Orlov) tamaşasında Canavar, "Qoğalın macərası"da (Rus xalq nağılı) Canavar, "Düyməcik"də (H.K.Anderson) Qurbağa, "Bir dəfə Bağdadda"da (E.Sabitoğlu, V.Kolmanovski) Bağdad oğrusu, "Maritsa"da (İ.Kalman) Zupan, "Bayadera"da (İ.Kalman) Napoleon, "Sıqan premyer"də (İ.Kalman) Qaston, "Silva"da (İ.Kalman) Bonifast Konislavu, "Vesyolaya vdova"da (F.Leqar) Baron Zetta, "İki küpə girən qarı"da (Ə.Əlizadə, R.Sef, T.Karelina) ölməz Kaşşey, Fyodor, "Nu volk poqodi"də (R.Ağayeva, A.Kurdlyanski, A.Xayt) Canavar, "Talelər qovuşanda"da (R.Hacıyev) Səməd, "Neistvıy qaskoneç”də (Q.Qarayev) Monfleri, Le Bre, Qraf De Qiş, "İqraem v drujnuyu semyu ili qarnir po fransuzki”də (M.Kamoletti) Robert, "Skapenin kələkləri”ndə (J.B.Molyer) Skapen və s. kimi rolları ifa edib. Emil Heydərov yaratdığı özünəməxsuz obrazları hər zaman tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onların sırasına bu tamaşadakı rollarını da əlavə etmək olar: "Balaca Şahzadə"də (R.Ağababayev, A.Ekzüperi) Qlobus, "Qafqazlı qardaşqızı"nda (R.Hacıyev) Bəbirli, "Nəğməmə inan'da (P.Bülbüloğlu, M.Şerbaçenko) Şahmar Kərimov, "Lara Martin's Jazz Club"da (A.Ostrovski) Boss, "Qorxma biz səninləyik"də (P.Bülbüloğlu, Y.İsayeva) Yuli Qusman və b.
O, bir sıra dövlət tədbirlərində, qala konsertlərdə fəal iştirak edir. "Dünyada qadınsız yaşamaq olmaz!" adlı qala-konsertində müxtəlif obrazlarda səhnəyə çıxıb. 2002-ci ildə Emil Heydərov “В гостях у сказки" ("Nağıl ziyarəti") adlı kiçik teatr truppası yaradıb. Azərbaycan və rus bölmələrindən təşkil olunmuş hər iki heyət hər ilin Yeni il və Novruz bayramlarında uşaqlar üçün "Nağıllar aləminə səyahət" şüarı altında müxtəlif tamaşalar nümayiş edirlər. Emil Heydərov şoumen, aparıcı, vokal artisti kimi müxtəlif konsertlərdə solo çıxışlar etməklə yanaşı, həm də uzun illərdir ki, Rus səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərində Şaxta baba obrazında balaca teatrsevərlərin sevincinə səbəb olur.
Qeyd edək ki, o, müxtəlif illərdə dəfələrlə Musiqili Teatrın "İlin ən yaxşı aktyoru" nominasiyası üzrə mükafatlara, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının fəxri fərmanlarına layiq görülüb.