Ülviyyə Əliyeva

Əliyeva Ülviyyə Fərhad qızı 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnistitunun «Musiqili teatr aktyorluğu» fakultəsinə daxil olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C.Məmmədquluzadə «Ölülər»də Nazlı, B.Vahabzadə «Atamın kitabı»nda Şəvkət bacı, Ə.Əmirli «Xoşbəxt gün»dəYeganə, Qabil, «Şübhəli əhvalat»da katibə, Ə.Əmirli «20 il sonra»da Ofelya, Anar «Səhra yuxuları»nda 2-ci müxbir kimi iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov «Hərənin öz ulduzu» tamaşasında Ceyran, S.Fərəcov «Səhnədə məhəbbət»də müğənni qız, R.Mustafayev «Volqalı canan»da İradə, R.Hacıyev «Talelər qovuşanda»da Gülər, O.Rəcəbov «Əlin cibində olsun»da Lalə, R.Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Qiyamət, R.Mustafayev «Məsmə xala dayımdır»da Aydan, V.Adıgözəlov «Adamın adamı»nda xəbərçi Xədicə, S.Fərəcov «Bir günlük siğə»də Zöhrə, R.Mirişli «Qısqanc ürəklər»də Elya kimi rolların ifaçısı olmuşdur. O, bu obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan Televiziyasında və «Space» kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin «Subaylarınızdan görəsininz» ssenarisi əsasında «Hərənin öz payı+tayı» filmində çəkilmişdir.