Dilarə Əliyeva
Dilarə Əliyeva Hasil qızı 1972-ci ilin 27 oktyabrında Sumqaytda anadan olub. 1990-ci ildə orada 20 saylı məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivi rəhbəri" fakültəsinə qəbul olub, müəllimi Yaqut Mehdiyevadan dərs alıb. Həmin fakültəni 1994-cü ildə bitirib və 1996-cı ildən - 2009-cu ilə qədər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 1996-2002-ci illərdə Bakı Mədəni Maarif Texnikumunda rejissor və aktyor sənətindən dərs deyib. 2005-ci ildən Əməkdar artist adını alan aktrisa İrəvan Teatrında "Məhəbbət yaşayır hələ" (Xatirə), "Durnalar qayıdanda" (Günay), "Ər və arvad" (Günay), "Dərəbəylik" (Henrietda), "Madam- Badam" (Badam), "Didərginlər"-(Gəlin), "Oğru"(Mişilin), "Mənim qayınanam" (Zərifə) və başqa obrazları canlandırıb. Aktrisa teatr fəaliyyəti ilə yanaşı, bir çox televiziya filmlərinə və teleseriallara çəkilib. Onun 30-ilə yaxın aparıcılıq fəaliyyəti var. İlk dəfə "Piçhapıç " verlişi ilə aparıcılığa başlayıb, sonradan "Çal-çağır", "Səs verməyin", "Burada və indi" kimi verlişlərin aparıcı olub. Hazırda Arb kanalında yayımlanan "Söhbət var" verlişinin aparıcısıdır. Onun filmoqrafiyası da zəngindir. "Gəlinlər" (Xavər), "Bəylik dərsi"(Sarıca), "Cavid ömrü" (Müşkinaz), "Məhəllə" (Məhəbbət), "Məhəllə 2 Moskvada" (Məhəbbət), "Mürafiə vəkillərinin hekayəti" (Zeynəb), "Yumurta" (Durna), "Sübhün səfiri" (Şəhrəbanu), "Ölülər XXl əsr" (Mərziyyə), "Hoqqa" (Qızxanım), "Milyonluq quş" (Umud), "Məhəllə 3" (Məhəbbət), "Əfsanə qayıdır" (Əfsanə), "Beş- Betər" (Südabə), "Geri Dönənlər" (Cahan), "Cin Atı" (Xilafə) və digərlərinin adlarını qeyd etmək olar.
Son illərdə "Generalın son əmri" tamaşasında qız nəvə rolunu oynayıb. Hazırda İrəvan Dövlət Dram Teatrında və 2023-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrında aktrisa vəzifəsində çalışır. Musiqili Teatrda "Adamın adamı" tamaşasında öz obrazı üzərində məşqlərini davam etdirir. 2023-cü ilin aprel ayından "SOY" productiona rəhbərlik edir.