Kamilə Əliyeva

Əliyeva Kamilə Nizami qızı 29 mart 1978-ci ildə Bakıda anadan olub. 1985-1988-ci illərdə Bakıda 27 saylı orta məktəbdə təhsil alıb.
1988-1996-cı illərdə Bakı Xoreoqrafiya Akademiyasını “Ansambl artisti” ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirib. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivi rejissoru” ixtisası üzrə təhsil alıb. 2016-2018-ci illərdə Rusiya Federasiyasının Moskva Dövlət Mədəniyyət İnstitutunda “Xoreoqrafiya sənəti” fakültəsinin “Klassik balet müəllimi” ixtisası üzrə magistr dərəcəsi alıb və fərqlənmə  diplomu ilə təhsilini başa vurub.
1996-2016-cı illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının artisti, rəqqasə və solisti olmaqla yanaşı, 1996-cı ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasında “Xalq səhnə rəqsi” fənni üzrə müəllim vəzifəsində pedaqoji fəaliyyətinə başlayıb. 2016-cı ildən etibarən Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin xüsusi fənlər üzrə direktor müavini vəzifəsində çalışır.
Azərbaycan Dövlət Rəqs Ansamblının solisti kimi Yaponiya, Çin, Almaniya, İordaniya, Fransa, Türkiyə, Rusiya, Qətər, Danimarka və digər xarici ölkələrdə qastrol və yaradıcılıq səfərlərində ölkəmizi layiqincə təmsil edib.
Fəaliyyəti dövründə bir çox müsabiqə və festivalların laureatı olub. 2016-cı ildə  onun tələbələrindən ibarət rəqs kollektivi Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqədə II yerin qalibi olub. 
2016-2019-cu illər ərzində Moskva Dövlət Mədəniyyət İnstitutunda və Azərbaycan Respubliksının regionlarında ustad dərsləri keçmiş, folklor  kollektivləri üçün bir neçə rəqsə, o cümlədən qavalla rəqs, "Qaytağı" rəqsi, 2019-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti Emin Əliyevlə birgə Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin şagirdlərinin iştirakı ilə "Dəryadan damla” balet-tamaşasına quruluş verib.
Həyat yoldaşı- Əməkdar artist  Emin Əliyev Akademik Musiqili Teatrda baş baletmeyster vəzifəsində çalışır.