Olqa Georgiyeva
Georgiyeva Olqa İvanovna 19 sentyabr 1984-cü ildə Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində anadan olub. Uzun illər anası Sıktıvkar Opera və Balet Teatrının baş xormeysteri, atası isə aktyoru olub.
2000-ci ildə orada orta və musiqi məktəblərini bitirib. 2000-2004-cü illərdə Sıktıvkar incəsənət məktəbində oxuyub, Komi Respublikası Opera və Balet Teatrında xor sənətçisi kimi çalışıb. 2004-2011-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil alıb. 2011-ci ildə Uşaq Filarmoniyasında vokalçılar (solistlər) vəzifəsinə işə qəbul olunub. 2011-2017-ci illərdə adıçəkilən Opera və Balet Teatrının aparıcı solisti olub. Qastrollarda iştirak edən Olqa, Milan şəhəri (İtaliya), Giordanonun "Sibir" operasında Stefanie rolunu oynamış və teatrın həyatında fəal iştirak edib. 2017-2019-cu illərdə Komi Respublikası Opera və Balet Teatrı ilə sıx əməkdaşlıq edib. O, Böyük Britaniya teatr turunda iştirak edib. Eyni zamanda İtaliya festival təşkilatçılarlı ilə sıx əməkdaşlıq edib, müqavilə əsasında işləyib. 2019-2022-ci illərdə şəhər Musiqili Teatrının aparıcı solisti olub.
Rus, İtalyan dilində mükəmməl bilən aktrisanın rejissorluq və vokal pedaqogikası bacarığı da var. Beynəlxalq müsabiqələrin laureatıdır. 2019-cu ildə Sankt-Peterburqda keçirilən "Motsart Batl" Beynəlxalq müsabiqəsində 1-ci yer, 2017-ci ildə İtaliyada MOA Beynəlxalq müsabiqəsində 3-cü yer (laureat), 2011-ci ildə Baris Mixaylov adına Beynəlxalq müsabiqədə 2-ci yer (laureat), 2010-cu ildə Bolqarıstanda "Ümidlər, istedadlar, ustalar" Beynəlxalq müsabiqəsində 1-ci yeri (laureat) qazanmışdı. İtaliya, Bolqarıstan, Rusiya teatrlarında təcrübə keçib. 2023-cü ilin fevral ayından Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında rejissor Cavid İmamverdiyevin quruluşunda rus dilində hazırlanan "Aysedora tamaşasında Aysedora obrazını canlandırır. O həm də uşaq tamaşası olan "İki Küpəgirən qarı"da (Ə.Əlizadə, R.Sef, T.Karelina) Dünya obrazında balaca teatrsevərlərin qarşısına çıxır.