Şövqi Hüseynov
Hüseynov Şövqi Ərəstun oğlu 9 avqust 1972-ci ildə Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə “Nizami” adına 1 saylı orta məktəbi bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsinin məzunu olub. 1991-2009-cu illərdə Xalq artisti Cənnət Səlimovanın yaratdığı Kamera Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyoru, 2018-cu ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Müxtəlif ölkələrdə - İran, Rusiya, Belarusiya, Moldova, Ukrayna, Türkiyə, Şri-Lanka, Litva, Tatarsatan, Makedoniya, Amerikada keçirilən beynəlxalq teatr festivallarında iştirak edərək mükafatlar qazanıb. Aktyorun yaradıcılığında bədii film, televiziya tamaşaları və seriallar da özünəməxsus yer tutur.
Şövqi Hüseynov Akademik Musiqili Teatrın bir çox səhnə əsərlərində yaddaqalan rolları ilə tamaşaçıların rəğbətini qazanıb. O, Musiqili Teatrın səhnəsində Məşədi İbad (“O olmasın, bu olsun” – Ü.Hacıbəyli),Tülkü (“Balaca şahzadə” – A.S.Ekzüperi), Mir Cəfər Bağırov (“Nuri-Didə Ceyhun” – Ə.Əmirli), Ağabala (“Bəxtiyar” – T.Quliyev, B.Laskin, N.Rojkov), Estraqon “Qodonun intizarında” (S.Bekket) abstrakt tamaşasında və “Utancaq qız” (F.Dostoyevski) monotamaşasında Sələmçi obrazlarını canlandırıb.
1996-cı ildə Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş”, 2000-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc aktyoru”, 2015-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatlarına layiq görülüb.24 dekabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar artist” fəxri adını alıb. 2016-cı ildən Rusiya Federasiyasının Kalmıkiya vilayətinin rəhbərinin fərmanına əsasən Kalmıkiyanın Əməkdar artistidir.