Pərviz Məmmədrzayev
Pərviz Müzəffər oğlu Məmmədrzayev 13 fevral 1971-ci ildə Bakıda anadan olub. 1977-1987-ci illərdə 252 nömrəli orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin (keçmiş M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun) “Teatr kollektivinin rejissoru” şöbəsində rejissorluq ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1993-cü ildə o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yardımçı heyətin aktyoru kimi fəaliyyətə başlayıb və qısa zaman ərzində teatrın peşəkar rejissorları Xalq artisti Vaqif Əsədov, Əməkdar artist Rafiq Əliyev və digərlərinin etimadını qazanıb, ona həvalə edilən əsas rolların öhdəsindən məharətlə gəlib.
1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən “Dəli yığıncağı” teatr-studiyasında çalışmağa başlayır (Teatr-studiya 2000-ci ildə Dövlət statusu alıb). Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində bir çox tamaşalarda uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiqləyir.
P.Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. Teatrın kollektivi ilə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada “Dədə Qorqud” dastanının 1300 illik yubileyi şənlikləri, Türkiyədə IV və VI Ankara Teatr Festivalları, İranda I Beynəlxalq Pantomima və "Dostluq" Teatr Festivalları, Misirdə Eksperimental Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Teatr+Video" festivalı və "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib.
P.Məmmədrzayev"Simsar" (2010-cu il) teatr-studiyasını yaradıcısı, "Human” (2017-ci ildə) teatrının həmtəsisçisi və bədii rəhbəridir. 2013-2016-cı illərdə Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb.
2017-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir.
2001-2022-ci illərdə həm də ADMİU-da “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, balet rejissurası, plastika və pantomima fənnləri üzrə, "Musiqili teatr aktyoru" kafedrasında isə aktyor sənətindən dərs deyib.
16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1avqust 2018-ci ildə isə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb. Bir sıra filmlərə çəkilib. Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Dövlət Musiqili Teatrında "Nuri-didə Ceyhun" (Ə.Əmirli, rej.M.Ələkbərzadə) tamaşasında Ceyhun Hacıbəyli, "Paris Notr - Dama ithaf"da (V.Hüqo, səhnələşdirən S.Qulamov) Klod Frollo, "Psix"də (səhnələşdirən. Ər-Toğrul) Don Kixot və “O olmasın, bu olsun”da (Ü.Hacıbəyli) tamaşasında Rüstəm bəy obrazını canlandırıb.
Teatrın nəzdində yaradılan İnklüziv teatr-studiyasında "Çamadan əhvalı" tamaşasının rejissoru olub, həmçinin orada iştirak edən fiziki məhdudiyyətli həvəskar aktyorların səhnəyə hazırlanmasında böyük rol olyanıb.