Samir Qulamov
Samir Qulamov 21 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb (Xalq artistləri Azərpaşa Nemətov və Əliabbas Qədirovun kursu, 1995–2000). Bundan başqa Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin "Ali ssenari və rejissorluq" fakültəsini (2007–2009), Amerika-Azərbaycan kinorejissorluq kursunu (2009) bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsində təhsil alıb (2009–2011).
İndiyə qədər 12 tamaşaya quruluş verib, 17 tamaşada rol alıb. Ümumilikdə 34 dövlət tədbirinin rejissoru olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 3 Serial, bir neçə tam və qısa metrajlı filmin ssenari müəllifi və quruluşçu rejissoru olub. 2006-cı ildə "Artist" kino şirkətini təsis edib. 2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000-2006), “Space” televiziyasında rejissor (2002-2004), “İctimai” televiziyada rejissor (2005-2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006-2008), Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan Dövlət Televiziyasında rejissor (2007–2009), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006-2012) kimi işləyib.
Samir Qulamov 2021-2022-ci illərdə Akademik Musiqili Teatrda keçirilən mükafatlandırma mərasimlərində “İlin ən yaxşı işgüzar rejissoru” və “İlin ən sevilən tamaşası” nominasiyalarında (quruluşçu rejissoru olduğu “Paris Notr-Dama ithaf” tamaşasına görə) Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatlarına layiq görülüb.
2022-ci ildə ona İranın "Fəcr" Beynəlxalq Teatr Festivalında müəllifi və quruluşçu rejissoru olduğu “Bir nəfəs qədər” tamaşasına görə “Peşəkar tamaşa” mükafatı verilib.
2013-cü ildə Yeni Azərbaycan Partiyası tərəfindən “İlin ən yaxşı rejissoru” kimi mükafatlandırılıb.
2007-ci ildə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə layihələri olan teatr festivalında "Gənc rejissorlar" diplomu ilə təltif olunub.
2008-ci ildə.Mədəniyyət Nazirliyi, İdman və Gənclər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən diplom ilə təltif olunub.
2005-ci ldə Mədəniyyət Xadimlərinin Həmkarlar Konfederasiyası tərəfindən “İlin fəal ictimaiyyətçisi” mükafatı alıb.
Onun Musiqili Teatrda quruluş verdiyi “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən S.Qulamov) tamaşasının hər nümayişi anşlaqla qarşılanır. S.Qulamov bundan başqa teatrın repertuarında olan "Məchul pilləkən" (M.Abdullayev) balet- tamaşasının da quruluşçu rejissorudur.
İndiyə qədər Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi tamaşalar - "Ağ qayıq" (E. Abdullayev), "Məbəs", "Hidayət qapısı", "Başsız qalan qoşun", "Əmanət", "Sevgi Qurbanı", "Eşq", "Ağ bayraqlar" (N. Dumbadze), rol aldığı səhnə əsərləri isə "Dirilən adam" (Mir Cəlal Paşayev) tamaşasında Qədir, "Afət"də (H. Cavidin) əsas rollardan biri,"Eşq və intiqam"da (S.SAxundov) Səfi bəy, "Rəqabət" (B. Vahabzadə) Rizvan, "Hamlet"də (V. Şekspir) Bernardo və Fortenbransdır.
Qeyd edək ki, Samir Qulamov dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan tamaşanın libretto müəllifi və quruluşçu rejissorudur.
Filmoqrafiya:
1. Təki vətən sağ olsun (2022, qısametrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi
2. Sündü (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi
3. Laçına ithaf (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi
4. Əsirlikdən qayıdan lampa (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi
5. Böyük qayıdış (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi
6. Döyüşən teatr (2020, sənədli film) — quruluşçu rejissor və ssenari müəllifi
7. Sevgi naminə (2018–2019, bədii serial) — quruluşçu rejissor və ssenari müəllifi
8. Ümidlər puç olanda (2018, tammetrajlı bədii film) — quruluşçu rejissor
9. Mən klounam (2017, tammetrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi
10. Kəklikotu (2017, tammetrajlı bədii film) — aktyor
11. Qayıdış (2016, tammetrajlı bədii film) — ikinci rejissor, aktyor
12. Canavar qoxusu (2014, tammetrajlı bədii film) – quruluşçu rejissor, ssenari müəllifi, operator, baş prodüser
13. Sonun başlanğıcı (2012–2013, bədii serial) — quruluşçu rejissor, ssenari müəllifi, operator
14. Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) — aktyor
15. Küləklər şəhəri (2011, bədii serial) – quruluşçu rejissor və ssenari müəllifi
16. Tunel (2009, tammetrajlı bədii film) — aktyor
17. Sevimli xəstə (bədii serial) — aktyor (Rəcəb)
18. Üşüyən ümid (2009, qısametrajlı bədii film) – quruluşçu rejissor
19. Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) — aktyor (Əli)
20. Cavid ömrü (2007 , tammetrajlı bədii film) — aktyor (Elxan)
21. Sonuncu şahid (2004, bədii serial) — aktyor (Azər Səmədzadə)
22. Bəyaz həyat (2003, bədii serial) — aktyor (Akif)
23. Atillanın atlıları (2002, tammetrajlı film — tamaşa) — aktyor (əsgər)
24. "Qazan xanın evinin yağmalanması" boyu (Dədə Qorqud dastanının motivləri əsasında) (2000, Televiziya filmi) — aktyor (baş rol, Uruz)