Ofeliya Novruzqızı
Ofeliya Novruz qızı Məmmədova 1980-cı ilin 28 avqustunda Bakıda anadan olub. 1995-1999-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano şöbəsində oxuyub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsində təhsil alıb.
1999-cu ildən 2000-ci ilədək Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli Yığıncağı” Pantomima Teatr studiyasında, 2000-ci ildən 2006-cı ilədək Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktrisa vəzifəsində çalışıb. İlk dəfə “Uçuş” adlı tamaşada Durna rolu ilə səhnəyə çıxıb. Daha sonra teatrın bir çox tamaşalarında yaddaqalan obrazlar yaradıb, televiziya filmlərində iştirak edib. bir çox dövlət tədbirləri, konsert və beynəlxaq festivalların aparıcısı olub. Aktrisa Gürcüstan, Türkiyə, Ukrayna, Tatarıstan və başqa ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında da uğurla iştirak edib.
O, 1999-cu ildən bu günədək Azərbaycan Dövlət Televiziyası və digər yerli telekanallarda “Kino və Dublyaj” redaksiyalarında minlərlə əcnəbi film, cizgi filmləri və sənədli filmlərin doğma dilimizdə dublyajı və səslənməsi ilə məşğul olur. C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında dövlət sifarişi ilə hazırlanan filmlərin dublyajında iştirak edir. “Ali və Nino” filmində Nino obrazını Azərbaycan dilinə dublyaj edib.
2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır.
Ofeliya Məmmədova teatrda Fülya Öztürk (“Bir nəfəs qədər” S.Qulamov), Minnət xanım (“Ər və arvad” Ü.Hacıbəyli), Qaraçı qadın (“Paris Nort-Dama İthaf” V.Huqo, səhn. S.Qulamov), Anaxanım (“Sevənlərindir dünya“ E.Pəhləvan), Komissiya sədri (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov), Ədilə (“Baladadaşın toy hamamı” F.Allahverdiyev, Elçin), Tülkü Alisa (“Buratino” A.Rıbnikov A.Tolstoy), Malifisenta “Yatmış gözəl və cırtdanlar” Ş.Pero, səhn. A.Sadıqov), Simurq (“Sehrli nəğmə” P.Korotıç, tərc. A.İsmixanova), Küpəgirən qarı (“İki küpəgirən qarı” Ə.Əlizadə, R.Sef, T.Karelina) obrazlarını ifa etmişdir.