Nəzrin İsmayılzadə

Nəzrin İlqar qızı İsmayılzadə 22 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konsert proqramında Leyla xanım Əliyevanın uşaqlıq obrazını canlandırıb.

2005–2016-cı illərdə Bakı şəhəri, 9 nömrəli məktəbdə təhsil alıb.
Nənəsi – Azərbaycan Respublikasının Xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə rəqs təlimləri keçib. 2004–2016-cı illərdə Çingiz Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Dəcəl qızlar” ansamblında solist kimi fəaliyyət göstərib. Bu illər ərzində müxtəlif ölkələrdə keçirilən festivallarda iştirak edərək Azərbaycanı uğurla təmsil edib. Hazırda xoreoqraf kimi fəaliyyət göstərir.

2016–2020-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsində təhsil alıb. Universitet illərində “Fiqaronun Toyu” tamaşasının xoreoqrafiyasına quruluş verib, musiqilərini bəstələyib və mahnı sözlərini yazıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Nicat Kazımovun qurduğu “Şəhrizad” tamaşasında Şəhrizad obrazını canlandırıb. 2017-ci ildə yenə Nicat Kazımovun quruluşunda hazırlanan “Əllədin” tamaşasında Jasmin obrazını oynayıb.

Gənc Tamaşaçılar Teatrında rejissor Vaqif Əsədovun səhnələşdirdiyi “Oqtay Eloğlu” tamaşasının musiqilərini bəstələyib və “Jülyet”, “Zemfira” obrazlarında çıxış edib.

Aqil Nağıyevin “Arena” filmində baş rolda çəkilib. “Havadar” teleserialında əsas obrazı canlandırıb. Bir çox reklam çarxlarında, sosial videolarda, müxtəlif kliplərdə yer alıb, musiqilər bəstələyib və ifa edib.
Ümumiyyətlə, Nəzrin xanım bir çox səhnə əsərlərində özünün də ifa etdiyi musiqilərin bəstəkarıdır. 

2021-ci ildə Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşasında Qumru obrazını oynayıb.
2022-ci ildə “Bəxtiyar” tamaşasında Saşa, “Dəcəl çəpişlər”də Şəngülüm, “Meşə çaqqalsız olmaz” tamaşasında Dovşan, “Yatmış gözəl”də isə Avrora obrazlarını canlandırıb.

O, teatrın repertuarında"Mən dəyərəm min cavana" (İbadın qızı),  “Sevənlərindir dünya” (Müyəssər), “Anamın Kitabı” (Zivər) tamaşalarında da oynayır, həmçinin 2025-ci ildə məşqlərinə başlanılan  “Balaca Şəhzadə” (Qızıl Gül), “Mesenat” (Sürəyya)  tamaşalarında da iştirak edəcək.