Səidə Şərifəliyeva
Şərifəliyeva Səidə Vahid qızı 1981-ci il yanvarın 10-da Neftçala şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasının "Vokal” fakültəsinə - Xalq artisti, proffessor Xuraman Qasımovanın sinfində təhsil alıb. 2005-ci ildə Bakı Musiqi Akademiyasında assistent-təcrübəçi kimi çalışıb. 2007-ci ildə yüksək dərəcəli vokalist kimi “Opera və teatr solisti, vokal ustalığı” ixtisası üzrə ali məktəb müəllimi vəzifəsində çalışmaq hüququ əldə edib. O, 2002-2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında işləyib. 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin “Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin “Qafqazlı qardaşqızı” (Lalə), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin “Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın “Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Bağdadda” (Züleyxa),“Paris Notr-Dama ithaf” (Esmeralda) tamaşalarında yaddaqalan obrazlar yaradıb. İstedadlı aktrisa Səidə Şərifəliyeva 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.