Cavid İmamverdiyev
Cavid Sudeyf oğlu İmamverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından mətbuatda fəal iştirak edən Cavid İmamverdiyev “Bakılı oğlanlar” komandasının yaradıcılarından biri olmuş, 1991-ci ildən BŞ ŞHK-nun baş inzibatçısı vəzifəsində işləmişdir. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülmüşdür. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində işləmişdir. 1994-cü ildə Rusiyanın İctimai Televiziyasının nəzdində ali rejissor kurslarını bitirmişdir.
1998-ci ildən indiyə qədər fəaliyyətdə olan “Ratio TV” Teleşirkətini yaratmış və bu şirkətdə rejissor, ssenari müəllifi və prodüser kimi bir sıra uğurlu televiziya və kino layihələri həyata keçirmişdir.
2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsinə təyin olunmuş, bir sıra sənədli filmlərin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Eyni zamanda, ssenari müəllifi və rejissor kimi çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermiş Cavid İmamverdiyev Mədəniyyət Nazirliyinin Beynəlxalq Şöbəsinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin bədii rəhbəri və quruluşçu rejissoru olub. Cavid İmamverdiyev Musiqili Teatrın “Bəxtiyar” (Tofiq Quliyev, B.Laskin və N.Rojkova, 2022), “Nəğməmə inan” (P.Bülbüloğlu, M.Şerbaçenko, 2023), “Sən elə bir zirvəsən” (Ə.Lalayev, M.Həmidov, 2023), “Qorxma, biz səninləyik” (P.Bülbüloğlu, Y.İsayeva, C.İmamverdiyev 2023), “Aysedora” (Z.Saqalov 2024) tamaşalarının rejissorudur.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində «Три поросёнка, Красная шапочка и Серые волки» tamaşasına quruluş vermiş, eyni zamanda teatrda hazırlanan «Уходил супруг от супруги», «Афинские вечера», «Миллионерша», «Уйди из моих снов» kimi tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışmışdır.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsində naliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılmış, üç dəfə “Humay” Milli mükafatının laureatı olmuşdur.