Əkbər Əlizadə
Əlizadə Əkbər Müzəffər oğlu 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram-teatr və kino» fakultəsinin aktyorluq ixtisasına yiyələnmişdir. 2000-ci lidə həmin Universitetin «Teatrşünaslıq» ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2000-2001-ci illərdə Daxili Qoşunlarda Hərbi xidmətdə olmuşdur. 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına balet artisti vəzifəsinə işə qəbul olunmuşdur. Bu müddət ərzində Fərəc Qarayev, Eduardo De Filippo «Filumena Marturano», Oktay Kazımov, Ramiz Heydər «Qızıl toy», Sultan Hacıbəyov, Məhərrəm Əlizadə «Qızıl gül», Emin Sabitoğlu, Cahangir Məmmədov «On min dollarlıq keyf», Emin Sabitoğlu, Vladimir Kalmanovski «Odnajdı v Baqdade», İmre Kalman «Tsıqan premyer», İmre Kalman «Silva» və s kimi tamaşalara qurulan rəqslərdə oynamışdır. 1998-ci ildə təyinatla aktyorluq vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində Ramiz Mustafayev, Cavanşir Məmmədov «Məsmə xala dayımdır»da Elgün, İmre Kalman «Tsıqan premyer»də Muştard, Frans Leqar «Vesyolaya vdova»da Sen De Brioş, Qara Qarayev «Neistovıy Qaskonets»də Qasqoniyalı, Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da hamamçı, sonralar İntiliget Həsən, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Xəlil, Emin Sabioğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Balakişi, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Tərgəldi, Oktay Rəcəbov, Akşin Babayev «Əlin cibində olsun»da Xankişi, Ramiz Əkbər «Bəydullanın möhtəşəm toyu»nda tamada, Cavanşir Quliyev, Əli Əmirli «İtgin ər»də Zəkə, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Süleyman, Ramiz Mirişli, Marat Haqverdiyev "Amerikalı kürəkən”də Cəlil, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Rza, Üzeyir Hacıbəyli "Ər və arvad”da Səfi, S. Kərimi, Ə. Ol "Kimyagər”də Molla Həmid, “Molla Nəsrəddinin beş arvadı”da Molla Nəsrəddin, “Qızıl toy”da Qədir, “Bəxtiyar”da Yusif rollarını ifa etmişdir. 1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun «Fərhad və Şirin» tamaşasında Şiruyyə rolunda oynamışdır. 1994-cü ildən 2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi Jan Botis Molyer "Skapenin kələkləri” - Leondr, Cəlil Məmmədquluzadə "Məkkəyə yol” - Zəvvar, Vilyam Şekspir "Otello” - Lodaviko, Mirzə Fətəli Axundzadə "Xırs quldurbasan” - Mister Fok, Mirzə Fətəli Axundzadə "Dəvriş Məstəli şah” - Qulaməli, Mirzə Fətəli Axundzadə "Lənkəran xanın vəziri” - Ərizəçi kimi rollarda oynamışdır. 1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə "Space” kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə "Azəristar” müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən "Planet parni iz Baku" KVN teatrının aktyoru və aparıcısıdır. 2008-ci ildə "Xəzər” TV-də "Gülüş ulduzu" müsabiqəsinin və "Komediya səhnəsi" verilişinin aparıcısı olub. 2011-ci il yanvar ayından "Space" TV-nin "Hər səhər" proqramının aparıcısıdır. Eyni zamanda "Xəzər" televiziyasinin istehsal etdiyi "Qaynana" teleserialinda çəkilib. Habelə "Mənim ömür nəğmələrim” (2003) Boz köynəkli, "Yumurta” (2003) Şamil, "Mükafat” (2004) Gitar, "Kişiləri qoruyun” (2006) Orxanın dostu və film və seriallarda maraqlı obrazlar yaratmışdır. Ə. Əlizadə 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə Əməkdar artist fəxri adıyla təltif olunub.