Süsən Orucova

Orucova Süsən Kamal qızı 28 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006–2017-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano və xor dirijorluğu siniflərində təhsil alıb. 2017-2021-ci  illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-Nəzəriyyə fakültəsinin xor dirijorluğu ixtisası üzrə təhsil alıb. 2021–2023-cü illərdə isə Bakı Musiqi Akademiyasının xor dirijorluğu üzrə magistratura pilləsini bitirib. Həmin dönəmdə Azərbaycan Dövlət Xor Kapellasında praktik təcrübə keçib,  peşəkar kollektivlə işləmək, repertuar hazırlığı və səhnə fəaliyyəti sahəsində bilik və bacarıqlarını inkişaf etdirib. Həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirərək müxtəlif konsert və festivallarda iştirak edib. 
2018-ci ildə Caspi Art Beynəlxalq Musiqi Müsabiqəsində xor dirijorluğu üzrə çıxış edərək laureat adına layiq görülüb. 2019-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xor artisti kimi fəaliyyət göstərir. Ovaxtdan bir çox tamaşalarda və mədəni tədbirlərdə iştirak edib. 2023-cü ildə premyerası nümayiş olunan  “Nəğməmə inan” (bəstəkarı Polad Bülbüloğlu) musiqili tamaşasında “Qrafinya” kvartetinin tərkibində iştirak edir.