Cəbrayıl Cəbrayılov
Cəbrayılov Cəbrayıl Ziyadxan oğlu 2 yanvar 1979-cu ildə Bakıda anadan olub. 1985-96-cı illərdə 158 saylı orta məktəbdə oxuyub, daha sonra 22 saylı orta ixtisas musiqi məktəbində nağara aləti üzrə təhsil alıb.
İbrahim Əbilov adına Mədəniyyət evində "Şəlalə" xalq çalğı alətləri ansamblının üzvü olaraq bir çox tədbirlərdə, eyni zamanda cəbhə bölgələrindəki konsert proqramlarında çıxışlar edib və buna görə dəfələrlə diplomlara layiq görülüb. Bir müddət idmanın "Karate" növü ilə məşğul olub, yarışlarda iştirak edib, uğurlar qazanıb. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino sənəti” kafedrasının "Musiqili Teatr aktyoru" fakültəsini bitirib.
1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor kollektivinə qəbul edilib. 2000-2001-ci illərdə hərbi xidmət dövrünü bitirdikdən sonra yenidən teatrda fəaliyyətinə başlayıb. Xor kollektivində çalışarkən bir neçə tamaşalarda baş və epizodik rollarda oynayıb. “Əlin cibində olsun”da Quldur, "Baş tutmayan hiylə"də Çaqqal, "Dəcəl çəpişlər"də Canavar, "Çılğın qaskoniyalı"da 2-ci Qvardiyaçı və digər tamaşalarda iştirak edib.
2012-ci ildən Azərbaycan Dövlət Teleradiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində nağara ifaçısı kimi çalışır, müxtəlif dövlət tədbirləri və televiziya çəkilişlərində iştirak edir.
Qısa fasilədən sonra 2015-ci ildə Akademik Musiqili Teatrına xor artisti kimi qayıdan Cəbrayıl, 2021-ci ildən aktyor-vokalist kimi fəaliyyətini davam etdirir.
O, Sürücü ("Baladadaşın toy hamamı" F.Allahverdi, Elçin), Çaqqal (“Baş tutmayan hiylə” R.Şəfəq, Ə.Səmədli), Çaqqal (“Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər), Canavar (“Qırmızı papaq” E.Sabitoğlu, y.Şvarts, tərc. C.Məmmədov), Karabas Barabas (“Buratino” A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov), Kontrabas ifaçısı (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov), Əyyaş (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhn. S.Qulamov), Tamada ("Sevənlərindir dünya" Əmir Pəhləvan) rollarını ifa edib. Bır sıra televiziya filmlərinə çəkilib.