Iranə Kərimova

İranə Ruslan qızı Kərimova 1998-ci il iyulun 26-da Bakı şəhərində anadan olub. 2005–2016-cı illərdə 141 saylı orta məktəbdə təhsil alıb. 2016–2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında oxuyub.
2017-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti və aktrisa kimi fəaliyyət göstərir, teatrın əksər tamaşalarında iştirak edir. Onun yaradıcılığında önəmli yer tutan rollardan biri rejissor Samir Qulamovun səhnələşdirdiyi “Leyli və Məcnun” tamaşasında Leylinin ruhu obrazıdır.
İranə Kərimova Akademik Musiqili Teatrın bir çox tamaşalarında balet artisti kimi çıxış edir. Bununla yanaşı, “Anamın kitabı” (ingilis dilində) tamaşasında Gülbahar, “Bir nəfəs qədər”də Qumru, “Yatmış gözəl və Cırtdanlar”da Yatmış gözəl, “Düyməcik”də Qaranquş, “Piter Pen və Bremen musiqiçiləri”ndə isə Vendi obrazlarını canlandırıb.
İlk dəfə aktrisa kimi baş rolda “Soyuq Günəş” adlı ləzgi bədii filmində (rejissor Elşən Zeynallı) çıxış edərək kino sahəsində də özünü sınayıb. Bundan əlavə, Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan bir sıra sənədli və bədii televiziya filmlərinə çəkilib. Bunlara rejissor Adil Azayın “Kəlağayı”, “Şəhərin iç sədası”, eləcə də “Üzeyir Hacıbəyli” filmləri daxildir. Sonuncuda Leyla Bədirbəyli obrazını canlandırıb.
İranə Kərimova İctimai Televiziyada yayımlanan “Cəmşid Naxçıvanski. Mən qayıdacağam” adlı bədii televiziya filmində də rol alıb.
İstedadlı balet artisti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub.
2021-ci ildə 4.4 Qısa Tamaşalar Festivalı”nda “4.4” tamaşasındakı (rejissor Zaur Əliyev) uğurlu ifasına görə münsiflər heyəti tərəfindən ikinci yerə layiq görülüb. 2022-ci ildə isə həmin festivalın açılış və bağlanış mərasimlərində Leyli obrazını ifa edib.
O, həmçinin “Anamın kitabı” (ingilis dilində) tamaşasında Gülbahar obrazı ilə çıxış etmiş və bu tamaşa xarici münsiflər heyəti tərəfindən “Müsabiqədən kənar iştirak edən ən yaxşı tamaşa” adına və diplomuna layiq görülmüşdür.
2021-ci ildə Özəl Səhnə Teatrında Elvin Mirzəyevin quruluş verdiyi, M.F.Axundzadənin əsəri əsasında hazırlanmış “Bir dəfə Qarabağda” tamaşasında Şərəfnisə obrazını canlandırıb. Həmin tamaşa Mədəniyyət Nazirliyi tərəfindən keçirilən özəl teatrlar festivalında uğurla nümayiş olunub.
2019-cu ildə rejissor Ramiz Mirzəyevin rəhbərliyi ilə çəkilən “Nəsimi. Son gecə” bədii televiziya filmində Nigar obrazını canlandırıb. Elə həmin il Akademik Musiqili Teatrın balet truppası ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən “Dədə Qorqud” festivalında Azərbaycanı təmsil edib.
O, 2025-ci ilin noyabrında Pakistanın Kəraçi şəhərində “Pakistan İncəsənət Şurası”nın (“Art Council Pakistan”) təşkilatçılığı ilə keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edib. Festival çərçivəsində nümayiş olunan “Anamın kitabı” (Cəlil Məmmədquluzadə, rejissor İradə Gözəlova) tamaşasında Gülbahar obrazını ifa edib.