Akademik Musiqili Teatrda “Ər və arvad" tamaşası alqışlarla qarşılanıb 

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, peşəkarmusiqimizin banisi Üzeyir Hacıbəylinin ölməz əsəri – "Ər və arvad" iki hissəli musiqili komediyası nümayiş etdirilib. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük coşqu və gurultulu alqışlarla qarşılanıb.

Şərqin ilk operettası, Azərbaycanda musiqili teatrın təşəkkül tarixinin təməl daşı olan bu tamaşa 24 may 1910-cu ildə səhnəyə qoyulub və müxtəlif dövrlərdə fərqli quruluşlarda təqim edilib, sonuncu quruluşu isə 16 oktyabr 2010-cu ildə, tanınmış rejissor Yusif Əkbərov tərəfindən hazırlanıb.

Üzeyir bəy bu əsərində cəmiyyətin problemlərini, qadın-kişi münasibətlərindəki qeyri-bərabərliyi bədii ifadə vasitələri ilə və özünəməxsus formada tənqid hədəfinə çevirib. 

Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Əliməməd Novruzov, Hüseyn Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Nigar Qarayeva, Roman Krasnov, eləcə də Vüsal İsrafilov (xanəndə),  Niyamədin Allahverdiyev (kaman ifaçısı), Bəbir Mahmudov (tarzən), xor və balet truppası iştirak ediblər. 

 

 

Tarix: 20.09.2026