Vokal artistlərimiz “Bülbülün qonaqları” layihəsində alqışlarla qarşılandılar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının vokal artistləri dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
“Bülbülün qonaqları” layihəsi çərçivəsində Bülbülün Memorial Muzeyində keçirilən tədbirdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərəfəliyeva, eləcə də teatrın solistləri Eleanora Mustafayeva, Emil Zeynallı və Sübhan Rüstəmov ölməz sənətkar Rəşid Behbudovun repertuarından sevilən mahnıları səsləndiriblər.
Proqram çərçivəsində görkəmli bəstəkar Tofiq Quliyevin “Zibeydə”, “Əziz surət”, “Əziz dost”, “Qızıl üzük”, “Bakı” və digər əsərləri təqdim olunub.
Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin bədii rəhbərliyi ilə konsertə qatılan ifaçıları pianoda teatrın konsertmeysteri Fidan Məmmədova müşayiət edib.
Tədbirin sonunda muzey rəhbərliyi fəal iştirakına görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinə təşəkkürünü bildirib.