Akademik Musiqili Teatrın “Anamın kitabı” tamaşası Pakistanda alqışlarla qarşılanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edir.
“Art Council Pakistan” (Pakistan İncəsənət Şurası) tərəfindən təşkil olunan festivala dünyanın 140-dək ölkəsindən sənətçilər, yaradıcı kollektivlər, o cümlədən teatr heyətləri qatılıb.
Akademik Musiqili Teatr bu mötəbər beynəlxalq mədəniyyət tədbirinə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanan tamaşanı aparıb.
Prezident mükafatçısı İradə Gözəlovanın quruluş verdiyi səhnə əsəri festivalda uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.
“Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah tamaşadan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, teatrın quruluşçu rejissoru İradə Gözəlova və kollektivin digər üzvləri ilə görüşərək səmimi təəssüratını bölüşüb, onlara festivalın təşkilat komitəsi adından xatirə hədiyyələri təqdim edib.
Teatrın heyəti göstərilən xüsusi diqqətə görə festivalın təşkilat komitəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissoru Zaur Əliyev, işıq rəssamı Nicat Həmidov, səs rejissoru isə Sevda Davudovadır.
İngilis dilində təqdim olunan tamaşada teatrın istedadlı aktyorları – Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan Rüstəmov və Murad Əliyev çıxış ediblər.
Quruluşçu rejissor İradə Gözəlova Azərbaycan teatr sənətinin uğurla təqdim olunduğu festivalla bağlı təəssüratını belə ifadə edib: “Dünya festivalında iştirak etmək və dünyanın hər yerindən gəlmiş iştirakçıların sənət əsərlərini görmək, ünsiyyətə girmək bizim üçün böyük bir fürsətdir. Buna görə Mədəniyyət Nazirliyinə və teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Biz də yaradıcı heyət olaraq öhdəmizə düşən missiyanı layiqincə yerinə yetirdik. Akademik Musiqili Teatrın təqdim etdiyi "Anamın kitabı” tamaşası böyük rezonansa səbəb oldu. Nümayişdən sonra buradakı xarici həmkarlardan gözəl rəylər eşitdik və bu tamaşa sayəsində festival iştirakçılarının bizə daha isti münasibətini, rəğbətini hiss etmək çox xoşdur. Şəxsən mənim üçün və düşünürəm ki, teatrımız üçün də bu, gözəl bir nəticədir”.
Qeyd edək ki, Musiqili Teatrın nümayəndə heyəti festival çərçivəsində müxtəlif ölkələrin teatrları ilə əməkdaşlığın qurulması və mövcud əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra görüşlərdə də iştirak edir.
Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyəti Festivalı dekabrın 7-də başa çatacaq.
medeniyyet.info. az