Akademik Musiqili Teatrda premyera əhvalı davam edir

Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşası 2-ci dəfə nümayiş olunub.
Musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Qeyd edək ki, “Gülçöhrə və Əsgər” ikihissəli tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamıdır.
Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr göstərilir…
Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Tamaşanın budəfəki nümayişində Əməkdar artistlər Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, Nihad Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Xatırladaq ki, “Əsgər və Gülçöhrə”nin ilk nümayişi 18 noyabrda olub, bu gün, yəni 23 noyabr saat 19:00-da isə növbəti nümayişi olacaq.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək mümkündür.