Akademik Musiqili Teatrda Polad Bülbüloğlu - 80

5 mart Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 illiyi münasibəti ilə "Qorxma, mən səninləyəm!" (Yuli Qusmanın eyniadlı filmi əsasında) tamaşası uğurla nümayiş olunub.
Polad Bülbüloğlu həm tamaşanın nümayişdən öncə mətbuata açıqlamasında, həm də tamaşadan sonra teatrsevərlər qarşısındakı çıxışında "Qorxma, mən səninləyəm!"in səhnə variantının ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev də jurnalistlərə açıqlamasında üzərinə düşən məsuliyyətli işdən danışıb: “Biz bu filmin əsasında 2 il öncə də daha fərqli quruluşda tamaşa hazırlamışdıq və onu tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Xalq artisti Yuli Solomonoviç Qusmanın 80 illik yubileyi münasibətilə göstərmişdik. Əminəm ki, görkəmli bəstəkarımız Polad Bülbüloğlunun da 80 illiyi şərəfinə təqdim etdiyimiz bu səhnə əsəri tamaşaçıların müsbət rəyini qazanacaq”.
Səhnə əsərinin bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərində vaxtı ilə Polad Bülbüloğlunun filmdə canlandırdığı Teymur obrazını gənc aktyor Nicat Əli canlandırıb.
Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Orxan Hüseynov, Təranə Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak ediblər.
"Qorxma, mən səninləyəm"in növbəti nümayişi 11 və 12 martda olacaq.
Bəstəkarın sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket .az" saytından əldə edə bilərlər.