Polad Bülbüloğlu Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub və teatrın repertuarında özünəməxsus yeri olan “Leyli və Məcnun” tamaşasına baxıb.
Tamaşadan sonra səhnə arxasında yaradıcı heyətlə görüşən Polad Bülbüloğlu sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə və bütün iştirakçılara xoş təəssüratlarını bildirərək hər kəsi təbrik edib:
“Akademik Musiqili Teatrın  layihələrini maraqla izləyirəm və hər bir uğurunuza çox sevinirəm. Ölkə başçısının sərəncamı ilə teatr binasının əsaslı təmirindən sonra yaradılan şərait də müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsinə böyük imkanlar yaradır. Digər səhnə əsərləriniz kimi, buna da maraqla baxdım.
 Klassik əsər kimi "Leyli və Məcnun"un rejissor Samir Qulamovun yeni  yozumunda fərqli təqdimatı teatr tarixində bir yenilikdir.
 Bu çətin və məsuliyyətli işin öhdəsindən kollektiv də məharətlə gələ bilib. İstər simfonik orkestr, istər peşəkar aktyorlar, istərsə də xor-balet artistlərinin ifaları çox yaxşıdır.
Yaranışından bir əsrdən çox zaman keçsə də, öz aktuallığını, yüksək dəyərini itirməyən bu əsəri Opera Teatrının repertuarında, şöhrətli sənətkarlarımızın ifalarında çox görmüşəm. Musiqili Teatrın repertuarına əlavə olunması,  həqiqətən də, böyük məsuliyyətdir və tamaşanın kifayət qədər uğurlu alındığının şahidi oldum”.
Komitə sədri kollektivi təbrik edərək hər birinə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sonda onlarla xatirə şəkilləri çəkilib.  
Qeyd edək ki, libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamov olan tamaşa dahi bəstəkar Üzeyir Hacıbəylinin muğam operası və Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Səhnə əsərində Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçısı Səmədzadə Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar Emin Zeynallı, Gülnarə Abdullayeva, Azər Pənahov, İranə Kərimova, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, həmçinin xor və balet artistləri iştirak ediblər.

Tarix: 18.01.2025