Akademik Musiqili Teatrın solistləri "Klassik Vokalçıların Ümumrespublika Festivalı"nda iştirak edəcəklər

Dekabrın 17-dən 24-dək ölkəmizdə keçiriləcək Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi – "Klassik Vokalçıların Ümumrespublika Festivalı”nda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri də iştirak edəcəklər. Bu barədə Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mediaya açıqlamasında bildirib.

 "Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festival çərçivəsində müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında, musiqi kollektivlərinin müşayiəti ilə silsilə konsert proqramlarında, tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifaları təqdim olunacaq. Belə konsertlərdən biri də dekabrın 22-də saat 19:00-da Akademik Musiqili Teatrda həyata keçiriləcək. Teatrda çalışan istedadlı solistlərimiz – Əməkdar artistlər – Nərgiz Kərimova,  Səidə Şərifəliyeva, vokal artistlərimiz – Əliməmməd Novruzov, Mehriban Zaliyeva, Səməd Xasiyev, Eleanora Mustafayeva, Aydan Həsənova, İbrahim Əlizadə, Türkel Tariqpeyma, Ülkər Quliyeva, Şaban Cəfərov, Emin Zeynallı və Hidayət Əliyevin ifasında repertuarda olan tamaşalardan, görkəmli bəstəkarların klassik operettalarından partiyalar ifa olunacaq. Həmçinin bu layihənin rəhbəri Mədəniyyət kanalanın direkoru Əməkdar artist Ramil Qasımov da öz musiqi töhfəsini tamaşaçılara təqdim edəcək. İnanıram ki, ilk dəfə təşkil olunmasına baxmayaraq bu festival bütün musiqisevərlərin marağına səbəb olacaq, Azərbaycanda vokal sənətinin təbliği, yeniyetmə və gənclərdə yüksək musiqi zövqünün  formalaşmasına böyük təkan verəcək. Arzu edirəm ki, bu festival hər il ənənəvi olaraq davam etdirilsin, səs-sorağı daha uzaqlardan gəlsin!  

Tez-tez beynəlxalq tədbirlərin iştirakçıları olan peşəkar solistlərimiz üçün bu festivalın beynəlxalq festivala çevrilməsi daha xoş olar... Əminəm ki, Azərbaycan vokal məktəbinin gözəl ənənələri bu mədəniyyət hadisəsində də özünü lazımı səviyyədə ifadə edə biləcək və  nəticələr hamımızın sevincinə səbəb olacaq” – deyə Ə.Lalayev bütün iştirakçılara uğurlar arzulayıb.

Tarix: 12.12.2019