Akademik Musiqili Teatrın premyeraları maraqla qarşılandı
18 və 19 dekabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki yeni səhnə əsərinin – "İnanıram" və “Əliqulu bu gün evlənir" tamaşalarının premyeraları nümayiş olunub. Hər iki tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın ifasında canlandırılan “İnanıram” monotamaşasının müəllifi gənc yazıçı-dramaturq Ülviyyə Heydərova, quruluşçu rejissoru Leonid Klets, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Psixoloji dram janrında qurulan tamaşa müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. Müəllif əsəri müharibədə övlad itirmiş analara ithaf edib.
"Əliqulu bu gün evlənir" komediyası isə yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanıb.
Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.
Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında “kreslo xəstəliyi”nə düçar olan vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilir...
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.
Səhnə əsərində Xalq artisti İlham Namiq Kamal ilə yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə (Rövşən), İqrar Salamov (Səfər), Prezident mükafatçısı Səmədzadə Xasiyev (Kamal), aktyorlar Zemfira Əbdülsəmədova (Gövhər), Rəsmiyyə Nurməmmədova (Humay), Gülçöhrə Abdullayeva (Səadət), Əliməmməd Novruzov (Xəlil), Gülnarə Əzizova (Nazlı), Ruslan Mürsəlov (Azad), Böyükxanım Məmmədova (Heyvaxanım), Mehriban Rəcəbova (Lumuxanım), Əzizəxanım Kazımova (Qumral), həmçinin xor və balet artistləri iştirak ediblər.