Ankarada TÜRKSOY-A Üzv Ölkələrin Opera Və Balet Teatrları Direktorlar Şurasının Üçüncü Iclası Keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) XXV Opera Günləri çərçivəsində keçirdiyi tədbirlərdə ölkəmizi təmsil edib.

Çərşənbə günü, sentyabrın 25-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibliyinin binasında TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının üçüncü iclası keçirilib.

Tədbirin təşkilində məqsəd türk dövlətlərinin incəsənət sahəsində əlaqələrinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması, TÜRKSOY-a üzv ölkələrin mədəni irsinin və adət-ənənələrinin təbliği olub.

İclası açan Türkiyə Dövlət Opera və Balet Teatrının baş direktoru Tan Sağtürk türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə görə TÜRKSOY-a təşəkkürünü bildirib. O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrlarının Direktorlar Şurası nisbətən yaxınlarda, yəni 2010-cu ildə yaradılsa da, bu struktur artıq türk dövlətlərinin mədəniyyətlərarası əlaqələrinin dərinləşməsinə mühüm töhfələr verib.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbir iştirakçılarının diqqətini Azərbaycanda teatr, opera və balet sənətinin zəngin tarixinə və böyük təcrübəsinə yönəldib. O, Şərqdə ilk qadın bəstəkarın Azərbaycan təmsilçisi Şəfiqə Axundova olduğunu xatırladıb və əlavə edib ki, onun 100 illik yubileyi Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində qala-konsertlə qeyd olunacaq. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) opera ifaçıları türk musiqisevərləri qarşısında çıxış edəcəklər.

Əliqismət Lalayev türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın mədəniyyət xadimlərinin qardaş ölkələrdən olan həmkarları ilə təmaslara hər zaman açıq olduğunu bildirib.

Vetenqehremanlari.az saytına istinaden...

Tarix: 25.09.2024