Musiqili Teatrda "Palata"ya daxili baxış keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində mövsümün son premyerası – Anton Pavloviç Çexovun "6 №-li palata" əsəri əsasında hazırlanan "Palata" (səhnələşdirən: Bəhram Osmanov) tamaşasına daxili baxış keçirilib.
  Janr etibarı ilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.
Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin ustalıqla əks olunduğu səhnə əsərində cərəyan edən hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur. 
Bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan bu tamaşada obazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artisləri Rəşad Rüstəmli və Orxan Mirzəyev canlandıracaqlar.
Qeyd edək ki, səhnə əsəri geniş tamaşaçı kütləsinə gələn mövsümdə təqdim olunacaq.

Tarix: 18.07.2024