Musiqili Teatrın “Qadınım” tamaşası Konyada uğurla nümayiş olunub

Mayın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən “Min nəfəs, bir səs” Teatr Festivalında uğurla iştirak edib. Onlar Konya Dövlət Teatrının səhnəsində türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matruşka" pyesi əsasında hazırlanan "Qadınım" tamaşasını oynayıblar.

Bu səhnə əsərinin həm də ölkəmiz üçün əlamətdar tarixi bir gündə – Müstəqillik Günündə nümayişi yaradıcı heyətin bayram coşqusunu daha da artırıb.

Festival təşkilatçıları və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanan tamaşanın sonunda Türkiyə və Azərbaycan bayraqları ilə səhnəyə çıxan aktyorlar həm də onlara iki ölkəni tərənnüm edən mahnı ifa ediblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının festivalda iştirakından məmnun olduğunu bildirən Konya Dövlət Teatrının müdiri Özgür Baş tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovaya iştirakçı diplomu və festivalın simvolik hədiyyəsini təqdim edib.

Səfər çərçivəsində Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov festivalın qonaqları olan müxtəlif teatrların nümayəndələri ilə görüşüb, teatrlararası qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, Musiqili Teatrın səhnəsində lirik-psixoloji melodram kimi hazırlanan “Qadınım” tamaşasının quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor artistləri iştirak edirlər. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdur.

 

Tarix: 31.05.2024