Əliqismət Lalayev beynəlxalq forumda ölkəmizi uğurla təmsil etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Kalininqradda keçirilən ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” adlı V Beynəlxalq konfransda iştirak edib.
O, Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova, Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Ümumrusiya Teatr Cəmiyyətinin və Xaricdəki Rusdilli Teatrlar Assosiasiyasının sədri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov və MDB-dəki rus teatrlarının rəhbərlərinin də iştirak etdikləri beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil edib.
Tanınmış rejissor elmi-maarifləndirici xarakter daşıyan konfransda “Rusdilli teatrların problemləri və inkişaf perspektivləri” mövzusununda peşəkar diskussiyalara qatılaraq Azərbaycan və Rusiya teatrları arasındakı qarşılıqlı mədəni əlaqələr barədə məlumat verib.
Musiqili Teatrın direktoru təəssüratlarını bizimlə bölüşərək bildirib ki, bu beynəlxalq tədbirdə, eyni zamanda, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Valentina Reznikova və Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə də iştirak edirdilər.
“İnanıram ki, MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Xaricdəki Rusdilli Teatr Xadimləri Assosiasiyası və Sankt-Peterburqdakı “Baltik Evi” Teatr Festivalının birgə layihəsi olan bu mötəbər tədbir hər il xaricdə fəaliyyət göstərən rusdilli teatrları öz ətrafına toplamaqla, MDB dövlətlərində və bir sıra xarici ölkələrdə fəaliyyət göstərən teatrların qarşılıqlı əlaqələrini təmin edəcəkdir”, -deyə Ə.Lalayev əlavə edib.